Məktəblinin ölümünə görə kimlər HƏBS OLUNA BİLƏR? - Vəkillər AÇIQLADI

 14:33 12.04.2019     1860

Əməlində cinayət tərkibi sübut olunarsa, 162 saylı məktəbin direktoru məsuliyyətə cəlb ediləcək.

Bu sözləri Vəkillər Kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov Redaktor.az-a açıqlamasında bildirib.

“Məktəblinin intihar etdiyi və ya bilərəkdən öldürülməsi hazırda sual altındadır. Bu baxımdan, obyektiv və hərtərəfli araşdırma aparılmalıdır. Araşdırma nəticəsində məktəb direktorunun əməlində cinayət tərkibinin olması sübuta yetirilərsə, məsuliyyətə  cəlb ediləcək. Həmçinin, məktəb direktorunun intizam xarakterli davranışına görə də cəzalandırılması vacibdir.

Cinayət Məcəlləsinin 125-ci maddəsinə əsasən, hansısa formada özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdıran şəxs 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Onu da qeyd edim ki, şagirdin intiharına görə yalnız məktəb direktoru deyil, onun yanında olan şahidlərin də cəzalandırılması mümkündür”.

Vəkil Xalid Bağırov isə Redaktor.az-a açıqlamasında qeyd edib ki, bütün hallarda məktəb direktoru təhsil ocağında intiharın baş verməsinə görə cəzalandırılacaq:

“Əslində, hadisənin detalları barədə dəqiq məlumatlar açıqlanmadığına görə, konkret fikir bildirmək çətindir. Məsələnin detallarını işlə bağlı istintaq aparan şəxslər daha dəqiq bilirlər. Məktəb direktorunun hərəkətində cinayət tərkibli əməl olmasa da, intizam xaraterli hərəkətə görə cəzalandırılacaq. Hətta artıq vəzifəsindən kənarlaşdırılıb da. Bu, onu göstərir ki, məktəb direktoru istintaqa cəlb olunub. Bütün hallarda, məktəb  direktorunun müəyyən cəzalarla üzləşməsi mümkündür. Təbii ki, bu cəzalar istintaq işi başa çatdıqdan sonra bilinəcək.

Məktəb direktorunun hadisə baş verəndən iki saat sonra təcili tibbi yardıma müraciət etməsinin isə cinayət tərkibli olub-olmamasını araşdırmalardan sonra dəqiq bilmək olacaq. Çünki indiki halda konkret  faktlar yoxdur”.

Qeyd edək ki, 162 saylı məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyevanın özünü məktəb binasının üçüncü mərtəbəsindən atması faktı ilə bağlı cinayət işi davam edir.  Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Gülşən Şərif / REDAKTOR.AZ