162 nömrəli məktəblə bağlı verilən qərara Fazil Mustafadan AÇIQLAMA

 18:38 12.04.2019     626

Kimisə hökm çıxarılmadan dedi-qodu ilə cinayətkar hesab etmək olmaz.

Redaktor.az bildirir ki, millət vəkili Fazil Mustafa 162 nömrəli məktəblə bağlı Təhsil Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumata münasibət bildirib. Millət vəkili qeyd edib ki, bundan sonra iş istintaq orqanlarının üzərinə düşür:

“Direktor, müavini, psixoloq işdən azad edildi. İstintaq orqanları da həmin şəxslərin əməllərində cinayət tərkibinin olub-olmamasını, intiharın əsl səbəbini yaxın zamanlarda ortaya qoyacaq.Yəni qaragüruhçuluqla iş çözülmür, hər bir məsələ hüquqi qiymətləndirmədən keçməlidir. Mənəvi təpkilər əlbəttə vacibdir, ancaq kimisə hökm çıxarılmadan dediqodu ilə cinayətkar hesab etmək olmaz”.

Millət vəkili hesab edir ki, bu hadisə total şəkildə məktəblər əleyhinə kampaniyaya çevrilməməlidir:

“Təhsil sistemimizdə nöqsanlar kifayət qədərdir, lakin məktəbin, müəllimin ümumiləşdirilərək etimadsızlaşdırılması doğru ənənə deyil. Yenə də o təklifimdə israrlıyam ki, təyin olunmazdan öncə məktəb direktorlarını barədə Təhsil Nazirliyinin yanında İctimai Şura üzvlərinin rəyini almaq da faydalı olardı”.

Qeyd edək ki, Təhsil Nazirliyi və Baş Prokurorluğun birgə yaydığı məlumatda Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci (r) sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihara cəhd etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıldığı bildirilib.

Firuzə Vahid/ REDAKTOR.AZ