Elinanın intihar səbəbi nə idi? - Məşhur psixoloq danışdı

 12:55 13.04.2019     2222

İntihar edən məktəbli Elina Hacıyevanın hansı psixoloji sarsıntı yaşadığı bilinmir.

Yeniyetmələrin intihara meylli olmasının səbəblərini qeyd edən Humel Psixologiya Mərkəzinin psixoloqu Aytəkin Məmmədova Redaktor.az-a açıqlamasında bildirib ki, məktəblinin özünü dəyərsiz hiss etməsi buna səbəb ola bilər:

“Hazırda məktəblinin intiharı ilə bağlı dəqiq səbəb göstərilmir. Adətən, intihar hallarında psixoloji açıqlama olaraq, ailə və sosial faktlar əsas götürülür. İntihar məna əskikliyi yaşandıqda baş verir. Bu baxımdan, Elina Hacıyevanın hansı məna əskikliyi yaşadığı bilinmir. Yəni, onun dostları arasında istədiyi səmimiyyəti tapa bilməməsi, həmçinin ailədaxili münaqişələrdən yaranan situasiyaya görə dəyərsizlik hissi yaşaması məktəblinin intiharına səbəb ola bilər. 

Yeniyetməlik elə bir yaş dövrüdür ki, burada deyilən bir  söz və ya edilən hansısa hərəkət problemlərə səbəb ola bilir. Çünki həmin dövrdə həddindən çox inadkarlıq mövcud olur. Bu dövrlərdə yeniyetmənin səhvlərini bildirmək onların aqressivləşməsinə və  yaş dövrünün verdiyi çılğınlıqla çıxış yolu kimi intihara əl atmasına yol aça bilər. Bu məsələdə cəmiyyətin də təsiri danılmazdır.

Bu gün intiharların artmasının səbəblərindən biri də bu mövzunun KİV-də aktuallığıdır. Mətbuatda intiharın azalması üçün təbliğ aparılsa da, çoxalma halları daha da artır. Çünki bu mövzu üzrə doğru maarrifləndirmə istiqaməti mövcud deyil.

Ümumilikdə, məktəblinin intiharında məktəb psixoloqunun fəaliyyətinin nə dərəcədə düzgün olub-olmaması barədə konkret fikir demək olmur”.

Xatırladaq ki, 6 aprel tarixində 162 nömrəli məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü ataraq, intihar edib. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Gülşən Şərif / REDAKTOR.AZ