Valideynlər MÜTLƏQ OXUSUN - Şagirdə ŞİDDƏT yolverilməzdir!

 14:49 13.04.2019     1090

Son günlər təhsildə baş verən hadisələr onu göstərir ki, təhsilə nəzarət edən qurum öz vəzifəsinin öhdəsindən gələ bilmir.

Bu sözləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib. Onun sözlərinə görə, qanunvericilikdə şagirdin müəllim tərəfindən döyülməsi yolverilməzdir:

“Psixoloji zorakılıq şagirdin səhhətində funksional dəyişikliklərə və məktəbdən uzaqlaşmasına səbəb olur. Həmçinin, depressiyaya meyilliliyi artırır. Bu cür  faktların azalması üçün məktəbdə psixoloji işin düzgün təşkil olunması vacibdir.

Şagirdlərə qarşı fiziki cəza növünün tətbiq edilməsi qanunvericilikdə müəyyən olunmayıb. Sadəcə, cəza növü olaraq müəllim şagirdin qiymətini kəsə, töhmət və yaxud xəbərdarlıq edə bilər. Sonda isə məktəbinin dəyişdirilməsi kimi prosedur qaydalarından istifadə edə bilər. Şagirdə qarşı fiziki zorakılıq tətbiq edən müəllimlər qeyri-peşəkardır.

2013-ci ildə ölkə prezidentinin imzaladığı “Təhsilin inkişafı və dövlət strategiyası”nda da konkret məqsədlər qoyulub ki, müasir standartlara cavab verən, rəqabətə davamlı iqtisadiyyatı formalaşdırmaq üçün şəxsiyyət yetişdirilməlidir. Ancaq biz onu fiziki zorakılıqla yetişdirə bilmərik. Son günlər təhsildə baş verən hadisələr onu göstərir ki, təhsilə nəzarət edən qurum öz vəzifəsinin öhdəsindən gələ bilmir. Onlar təhsilə nəzarət edə bilmirlər”.

Fiziki zorakılığın uşaq psixologiyasına  təsiri ilə bağlı psixoloq İlahə Dadaşova isə Redaktor.az-a açıqlamasında qeyd edib ki, bu cür zorakılıq ciddi fəsadlara səbəb olur:

“Müasir metodlara əsasən fiziki zorakılıq faktları yolverilməzdir. Yeni yanaşmada hər bir fərd bir şəxsiyyətdir və istənilən halda fiziki, psixoloji təzyiqə məruz qalması şəxsiyyətin alçaldılmasıdır. Çünki bu təzyiqlər gələcəkdə hansısa emosional fəsada səbəb ola bilər. Müəllimin şagirdə fiziki zorakılıq tətbiq etməsi bütün hallarda yanlış addımdır.

Əvvəlki dövrlərdə bu zorakılığa normal hadisə kimi yanaşılırdı. Lakin müasir yanaşmaya görə, 3 yaşlı uşağa da bir fərd kimi yanaşmaq vacibdir. Yeniyetmələrə isə xüsusən həssas yanaşmaq lazımdır.  Ən uğurlu münasibət hörmət üzərində qurulan münasibətdir. Sinfi sərt rejimlə əldə etməyə çalışan müəllimin şagirdlərlə münasibəti uğursuzluğa səbəb olur. Hətta yaranan bu qorxu  gələcəkdə müəllimlə şagird arasında ciddi konfliktə yol aça bilər”.

Məktəblinin evdə valideynləri tərəfindən döyülməsinin isə daha ciddi problem olduğunu vurğulayan psixoloqa görə, bu məsələdə valideyn eqosu əsas rol oynayır:

“Bəzi valideynlər öz eqolarını təmin etmək üçün bu üsula əl atırlar. Belə ki, onlar uşağın yaxşı oxumasını özlərinin digər valideynlərdən üstünlüyü kimi görürlər. İstənilən halda uşaq zədə alır. Uşağın yaxşı oxumamasında öncəliklə problemin kökü tapılmalıdır”.

Məsələylə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Məsələ diqqətimizdədir...

Qeyd edək ki,  Qobustan qəsəbəsində 321 nömrəli məktəbdə müəllim şagirdi döyüb. Şagirdə kəllə-beyin travması diaqnozu qoyulub. Məktəbdən verilən məlumata görə isə şagird döyülməyib, sadəcə yıxılıb və kəllə-beyin travması alıb. Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılır.

Gülşən Şərif / REDAKTOR.AZ

Vumart və Güvən reklamı Vumart Güvən