Hərbi ekspertin cərimələnməsinə Rəsmi qurumdan CAVAB

 14:46 15.04.2019     549

Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşı tərəfindən cərimələnən hərbi ekspert Ramil Məmmədli sosial şəbəkədə qurumla bağlı şikayətini paylaşıb.

O, paylaşımında bildirib ki, aprelin 11-də saat 23:00 radələrində Nəsimi rayonu, Səməd Vurğun və Həsən Əliyev küçələrinin kəsişməsindəki işıqforu keçdikdən təxminən 50 metr sonra mobil telefonuna zəng gəldiyi üçün avtomobilini qısamüddətli yol kənarında saxlamalı olub. BNA-nın əməkdaşı bu müddəti qanun pozuntusu hesab edərək, hərbi ekspertə 20 manat cərimə yazıb.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə Redaktor.az-a açıqlamasında bildirib ki, yazılan cərimə qanunauyğundur:

“Yazılan cərimənin məntiqsiz yanaşma ilə heç bir əlaqəsi yoxdur. Dayanma-durmanın qadağan olması ilə bağlı nişan varsa, saat fərqindən asılı olmayaraq, həmin ərazidə avtomobili saxlamaq olmaz. Nişanın təsiri ilə bağlı saat məhdudiyyəti olsaydı,  o zaman xüsusi lövhə olacaqdı. Hansı ki, müəyyən saatda saxlamağın mümkün olduğu qeyd olunur. Ramil bəyin gətirdiyi səbəb bir qədər gülməlidir. Nəqliyyat idarə edərkən istənilən şəxsə zəng gəlir. Buna görə avtomobili istənilən ərazidə saxlamaq qaydalara ziddir”.

Gülşən Şərif / REDAKTOR.AZ