Paytaxtın Bakıdan köçürülməsi mümkün deyil! - AÇIQLAMA

 16:40 15.04.2019     3447

İndiki şəraitdə paytaxtın köçürülməsi mümkün deyil...

Bakıda mütəmadi olaraq müşahidə edilən tıxaclar və mərkəzə insan axınının artması şəhər həyatının iflic olmasına səbəb olur.

Bu vəziyyətin şəhərin ekoloji cəhətdən pisləşməsinə də təsiri danılmazdır. Mövcud vəziyyət iş günləri daxil, insanların həftəsonu istirahətlərində də əlverişli şərait yaratmır.

Bir neçə il öncə məlum  sıxlığın qarşısının alınması üçün  paytaxtın köçürülməsi Milli Məclisdə gündəmə gətirilsə də, nəticəsiz qaldı. Maraqlıdır ki, indiki şəraitdə paytaxtın köçürülməsi mümkündürmü?

Bu məsələ ilə bağlı deputat Fəzail Ağamalı Redaktor.az-a açıqlamasında bildirib ki, bu layihə gələcəkdə reallaşa bilər:

“Bakı artıq meqapolisə çevrilib. Adətən, bu cür şəhərləri yükdən azad etmək üçün paytaxt başqa məkana köçürülür. Hansısa səbəbdən dolayı irəli sürdüyüm təklif qəbul edilmədi. Görünür, köçürülmə baha başa gələn proyektdir. Mövcud vəziyyətdə paytaxtın köçürülməsi qeyri-mümkündür. Ən azından Azərbaycan müharibə şəraitindədir və silahlı qüvvələrin gücləndirilməsi vacibdir.  Ümid edirəm ki, torpaqlarımız azad edildikdən sonra Azərbaycanın maliyyə imkanları daha da genişələnəcək və paytaxtın köçürülməsi mümkün olacaq”.

Deputat Fazil Mustafa isə bildirib ki, indiki şəraitdə paytaxtın köçürülməsi mümkün deyil:

“Neft pullarının yüksək olduğu əvvəlki dövrlərdə paytaxtın köçürülməsi lazım idi. Təəssüf ki, köçürülmə həyata keçirilmədi. Paytaxtın köçürülməsi ilk növbədə Bakının yükünü azalda bilərdi. Yəni, bütün inzibati qurumların yeni şəhərdə yerləşdirilməsi mərkəzə olan axının sayını azalda, həmçinin regionların da inkişafa müsbət təsir edərdi”.

Fazil Mustafa onu da qeyd edib ki, universitetlərin şəhər ətrafına köçürülməsi  məsələsi indiki halda real görünmür:

“Universitetlərin köçürülməsi üçün şəhər ətrafında uyğun ərazilər var idi. Lakin indi o ərazilərin böyük əraziləri istismara verilib. Buna görə də universitetlərin köçürülməsi real görünmür”.       

Gülşən Şərif / REDAKTOR.AZ