35 yaşdan sonra İŞLƏMƏK OLMAZ? - Qanun nəyi tələb edir?

 11:45 16.04.2019     1249

İctimai yerlərdə, onlayn portallarda gündəlik olaraq müxtəlif iş elanları ilə rastlaşırıq.

Diqqət etsəniz, həmin iş elanlarında 18-35 yaş arası şəxslərə, xüsusən də xanımlara ehtiyac duyulur. Maraqlıdır, 35 yaş həddi iş elanlarında niyə əsas götürülür? Bu yaşdan sonra insanlar işləməməlidir?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən sosioloq-jurnalist, “Sağlam Toplum” İctimai Birliyinin sədri Lalə Mehralı təklif edib ki, məhdudiyyət qoyulan işədüzəltmə müəssisələri boykot edilməlidir:

“Sahibkarlar iş yerində bəzi nüansları görüntünün gözəl olması ilə ört-basdır etməyə çalışırlar. Şirniyyat müəssisələri kimi bir sıra iş yerlərində qadının fiziki gücü, enerjisi yerində olsa da, yaşının 35 yaşdan yuxarı olmasına görə işsiz qalır. İşə götürənlər başa düşməlidirlər ki, 35 yaşdan yuxarı olan hər insanın enerjisi tükənmiş sayılmır. İşə götürən müəssisələrin məlum tələblərinə görə, boykot edilməsi doğru addım olardı”.

Psixoloq Fərqanə Mehmanqızı Redaktor.az-a açıqlamasında bildirib ki, bu cür tələblər əsasən sahibkarın iş strukturuna uyğun irəli sürülür:

“İşədüzəltmə müssisələrində 35 yaşa qədər şəxslərin işə götürülməməsi  birmənalı deyil. Əslində, 35 yaşına qədər iş təcrübəsi olmayan şəxsin yenidən hansısa bir işə başlaması müəyyən mənada problemli  məsələdir. Çünki hər gün eyni saatda işə getmək və qayıtmaq məsuliyyət, iradə  tələb edir. İnsanın yaşı artdıqca, bu məsələ öz prinsipiallığını itirir. Cavan kadrlarla işləmək daha rahatdır. Onların enerjisi, həyata baxışı, yeniliyə açıq olması şirkətlər üçün daha səmərəlidir”.

Vəkil Fariz Namazlı isə bildirib ki, bu cür işədüzəltmə müəssisələrinin fəaliyyətinə qadağa yoxdur:

“İş elanlarında cinslər arasında ayrı-seçkiliyə yol verilməsi, həmçinin yaş həddi barədə məlumatların göstərilməsi qanunla qadağandır. İşədüzəltmə müəssisələrinin fəaliyyət göstərməsində isə hər hansı qadağa mövcud deyil. Belə müəssisələr vergi orqanlarında qeydiyyata durubsa və mütəmadi hesabatları verirsə, gəlirlərini gizlətmirlərsə, məsuliyyət daşımırlar. Onlar işə düzəlmək istəyən şəxslərə iş yerlərinin tapılmasında xidmət göstərirlər və bu xidmətə görə haqq alırlar. Odur ki, qanuni şəkildə fəaliyyət göstərən işədüzəltmə şirkətlərinin məsuliyyətə cəlb edilməsindən söhbət gedə bilməz”.

Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Bayramova bildirib ki, işəgötürənlərin məlum tələbləri kommersiya xarakterlidir:

“18-35 yaş məhdudiyyəti, iş təcrübəsi, xanımlarla əməkdaşlığa daha çox üstünlük verilməsi barədə iş elanlarına gəldikdə, Azərbaycan Respublikası qanunvericiliyində vətəndaşların işlə təmin olunmasında yaş, cins məhdudiyyəti yoxdur. Bəzi işəgötürənlərin, xüsusilə xidmət sahələri üzrə daha çox gənclərə, xanımlara və iş təcrübəsi olanlara üstünlük verməsi isə həmin işəgötürənlərin kommersiya maraqları ilə bağlıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarına müraciət edənlərin peşə və ixtisasları fərqli olur. Bu gün elə peşə və ixtiasaslar var ki, onlara əmək bazarında tələbat var. Həmin peşə və ixtiasasları olan şəxslərin münasib işlə təminatı çətinlik  yaratmır. Lakin peşə və ixtisaslarına əmək bazarında tələbat olmayan, yaxud işlədiyi ixtisas üzrə vərdişlərini itirən şəxslərin işlə təminatı çətin olur. Ona görə də fərqli peşə və ixtisaslar üzrə işlə təmin olunma göstəriciləri də eyni ola bilməz”.

Gülşən Şərif / REDAKTOR.AZ