"Fransa Azərbycan abidələrinin dağıdılmasına biganə qaldı" - Aydın Mirzəzadə

 15:28 16.04.2019     898

Fransa Ermənistan tərəfindən mədəniyyət abidələrimizin dağıdılmasına biganə qaldı...

Redaktor.az bildirir ki, millət vəkili Aydın Mirzəzadə Parisin simvollarından biri olan Notre-Dam kilsəsində ötən gün baş verən yanğın hadisəsinə münasibət bildirib. Millət vəkili dəhşətli yanğından çox mütəəssir olduğunu qeyd edib:

“850 yaşı olan kilsə tək fransız xalqının deyil, ümumilikdə bəşəriyyətin çox qiymətli sərvəti idi. İlk dəfə mən onu 20 il əvvəl gördüm və möhtşəmliyinə heyran oldum. Əsas heyranlığım isə onun müxtəlif hökmdarlar dövründə daha da əzəmətli edilməsi üçün böyük işlərin görülməsi idi”.

Millət vəkili qeyd edib ki, bu gün bütün dünya fransız xalqının bu ağır dərdinə şərik olur:

“Dünya yaddan çıxarmasın ki, Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarında da dünya mədəniyyətinin inciləri olan minlərlə abidələr var. Təəssüf ki, Fransa cəmiyyətinin bir hissəsi işğala və Ermənistan tərəfindən mədəniyyət abidələrimizin dağıdılmasına biganə qaldı, bəzi hallarda isə işğalçıları müdafiə etdi. Mədəniyyəti isə varvarlıq və etinasızlıq məhv edir”.

Xatırladaq ki, dünən Fransanın paytaxtı Parisin Notre-Dam kilsəsində yanğın baş verib. Yanğın kilsəyə ciddi zərər vurub.

Firuzə Vahid / REDAKTOR.AZ