Xocalılara məxsus heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirləri aparılır - FOTOLAR

 14:55 16.04.2019     418

Bu ilin yanvar ayının ilk günlərindən başlayaraq, xocalılara məxsus heyvanlar arasında profilaktiki peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən Redaktor.az-a verilən məlumata görə, xocalılara məxsus heyvanlar arasında “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirləri planı”na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. Bu tədbirlər Xocalı Rayon Baytarlıq İdarəsinin 3 sahə baytar məntəqəsi vasitəsi ilə həyata keçirilir.

Hazırda Xocalı rayonunun sakinləri ölkənin 35-ə yaxın rayon və şəhər ərazisində məskunlaşıb. Xocalı Rayon Baytarlıq İdarəsi sakinlərin sıx məskunlaşdığı ərazilərdə profilaktik və diaqnostik tədbirlər həyata keçirir. İdarə vətəndaşların xüsusi mülkiyyətində olan 2 800 baş iri buynuzlu, 12 300 baş xırdabuynuzlu, 100 baş təkdırnaqlı, 100 baş it və 17 500 baş ev quşlarına baytarlıq xidməti göstərir.

Hazırda Xocalı Rayon Baytarlıq İdarəsi tərəfindən Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Qəhrəmanov Məzahir Əhəd oğluna məxsus təsərrüfatda 65 baş iribuynuzlu heyvan arasında nodulyar dermatit xəstəliyi əleyhinə peyvəndləmə aparılır. Eləcə də həmin təsərrüfatda ilin əvvəlindən qarayara, daha sonra isə dabaq xəstəliyi əleyhinə profilaktiki tədbirlər icra edilib. Ümumiyyətlə, Xocalı Rayon Baytarlıq İdarəsi tərəfindən cari ilin ilk günlərindən başlayaraq, bu günə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında 2 835 baş iribuynuzlu, 100 baş təkdırnaqlı heyvanlarda qarayara, 98 baş sahibi olan itlərə quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Fevral ayından Xocalı Rayon Baytarlıq İdarəsi rayon sakinlərinə məxsus 2 712 baş iribuynuzlu heyvanda dabaq və 23 200 baş cücədə (La-sota ştammı) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə aparıb. Mart ayı ərzində idarənin sahə baytar məntəqələri Xocalı rayon sakinlərinə məxsus 2 710 baş iribuynuzlu heyvanda iti yoluxucu nodulyar dermatit xəstəliyi, eləcə də 14 800 baş quşda (“H” ştammı ilə) nyukasl xəstəlikləri əleyhinə peyvəndləmə işləri aparıb.

Aprel ayının ilk günlərindən isə idarənin əməkdaşları xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyi əleyhinə peyvəndləmə tədbirinə başlayıblar. Artıq 8 500 baş xırdabuynuzlu heyvanda bu tədbir aparılıb. Bununla yanaşı 120 baş iribuynuzlu heyvanlarda vərəmə görə allergik müayinə aparılıb. Yuxarıda qeyd edilmiş tədbirlərlə yanaşı, 7000 kv.m.-ə yaxın ərazidə profilaktiki dezinfeksiya işləri tam təlimata uyğun olaraq aparılıb.

Epizootik tədbirlər planına uyğun olaraq bundan sonra xocalılara məxsus ev quşları arasında nyukasl, irbuynuzlu heyvanlarda nodulyar dermatit, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz və digər xəstəliklərə qarşı profilaktik peyvəndlənmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında bruselyoz və epedidimit xəstəliklərini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə qoçlardan, ana qoyun və keçilərdən qan nümunələrinin götürülməsi, iribuynuzlu heyvanlarda vərəmə və atlarda manqo xəstəliklərinə görə müayinələrin aparılması nəzərdə tutulur.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

22222