"Kupça"sız evlərlə bağlı sənədləşmə - Siyahıda 500 mindən çox ev var

 16:55 16.04.2019     1518

Çıxarışsız evlərin sənədləşdirilməsi ilə bağlı konsepsiyanın hazırlıq işlərinə başlanılıb.

Bəzi ərazilərdə - yüksək gərginlikli elektrik xətlərinin altında və Dövlət Neft şirkətinə məxsus ərazilərdə tikinti işlərinin aparılması qadağandır. Lakin dövlət humanist davranaraq, köçürülmə zamanı sənədi olmayan şəxslərə də kompensasiya ödəyir.

Tikinti məsələləri üzrə ekspert Elnur Fərzəliyev Redaktor.az-a qanunsuz tikililərin sökülməsi məsələsi ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, qadağan edilmiş ərazilərdə tikilən evlər qanunsuz tikili sayılır:

“Qanunsuz tikililər seysmik zonada yerləşirsə, neft eythiyatlarının olduğu əraziləri əhatə edirsə, vulkanik ərazidədirsə, sökülə bilər.

Təxminən mart ayının ortasından sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı göstəriş verilib. Bakı və Abşeron yarımadasında 500 mindən çox sənədsiz yaşayış evləri var. Bu, kiçik rəqəm deyil. Bu evlər çıxarışla təmin olunduqda, rüsumlar milyonlarla manat vəsait edəcək. Adətən, alqı-satqı zamanı fərdi yaşayış evlərində vergidən yayınma halları baş verir. Yəni, çıxarış olmadığına görə vergi ödənilmir. Bu evlər sənədləşdirildikdən sonra büdcəyə daxilolmalar artacaq.

Əsas problem bələdiyyə və  yerli icra hakimiyyətlərinin sərəncamı ilə satılan torpaq sahələri ilə bağlıdır. Həmin torpaq sahiblərinin əllərində sərəncam olsa da, özəlləşdirmə işi apara bilmirlər. Çünki sərəncamla torpağın təyinatı uyğun gəlmir. Bələdiyyələr bəzi hallarda özlərinə aid olmayan torpaq sahələrinin də sənədləşdirilməsini həyata keçirib.Ona görə də özəlləşdirmə zamanı müəyyən problemlər yaşanır”.

Bələdiyyə sənədi ilə torpaq alınmasına da münasibət bildirən tikinti məsələləri üzrə ekspert qeyd edib ki, torpağın çıxarışla alınması əsasdır:

“2006-cı ildən etibarən, bələdiyyələrin torpaq satması qadağan edilib. İndiki halda bələdiyyə torpaq satırsa, bu, qanuna ziddir. Vətəndaşların torpağı çıxarışla alması daha məqsədəuyğundur”.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov Redaktor.az-a açıqlamasında bildirib ki, icazəsiz tikilən tikililərin sökülməsi qanuna əsasən baş verir:

“İcazə sənədləri olmayan hansısa fiziki şəxsin zəbt etdiyi torpaq sahəsində tikinti işləri aparması qanuna ziddir. Fiziki şəxsin tikinti icazəsi olmayan ərazilərdə və ya təyinata uyğun olmayan torpaq sahələrində  apardığı tikililər qanunsuzdur və sökülməsi normaldır”.

Həmçinin qurum sözçüsü çıxarışsız evlərin sənədləşdirilməsi ilə bağlı konsepsiyanın hazırlıq işlərinə başlanıldığını vurğulayıb:

“Konsepsiyanın hazırlıq işləri davam etdirilir. Tam hazır olduqdan sonra, aidiyyatı üzrə təqdim ediləcək. Daha sonra bu barədə məlumat ictimaiyyətə açıqlanacaq”.

Qeyd edək ki, ölkə başçısının tapşırığına əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi özbaşına və sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlayır.

Güllşən Şərif / REDAKTOR.AZ

Vumart və Güvən reklamı Vumart Güvən