Masallıda yol tikintisinə 6,8 milyon manat ayrılıb

 17:12 16.04.2019     489

Prezident İlham Əliyev Masallı rayonunun Masallı–Köhnə Alvadı–Təzə Alvadı–Güllütəpə–Əmirtürbə–Yeni Zuvand avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, otuz səkkiz min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Masallı–Köhnə Alvadı–Təzə Alvadı–Güllütəpə–Əmirtürbə–Yeni Zuvand avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,8 milyon (altı milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.