Pensiyaların illik vəsaiti 2 dəfə ARTIRILACAQ

 17:56 16.04.2019     1420

Sosial müavinət və təqaüdlərin verilməsinə yönələn illik vəsait 2 dəfə artırılacaq.

İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov prezident İlham Əliyevin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Fərmana edilmiş dəyişliklə bağlı Redaktor.az-a açıqlamasında bildirib ki, bu qərar iqtisadi artıma səbəb olacaq:

“Bu cür addımlar ölkənin sosial-iqtisadi inkişafına xidmət edir. 2019-cu il Azərbaycan üçün tarixi ildir. Minimum əmək haqqının artımı, problemli kreditlərlə bağlı əhaliyə ciddi dəstək verilməsi, sosial müavinətlərlə bağlı qərarlar sosial siyasətin  tərkib hissəsidir. Prezidentin fərmanı müsbət dinamiklə yanaşı, iqtisadi artıma da xidmət edəcək. Sosial xərclərin yüksəlməsi iqtisadi cəhətdən mühümdür. Bu, əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsinə təsir edir. Sosial xərclərin müəyyən inflyasiya ilə bağlı hansısa təhlükə yoxdur”.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimai əlaqələr söbəsinin sektor müdiri Emil Cavadov isə Redaktor.az-a açıqlamasında qeyd edib ki, sosial müavinətlərə bağlı illik 400 milyon manat ayrılıb:

“Bu sənədlər əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların rifah halının yaxşılaşdırılması üçün əhəmiyyətli addımdır. Aylıq müavinətin məbləği yaşa görə müavinət alanlar üçün 130 manat, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün 150 manat, ailə başçısını itirməyə görə 80 manat (hər nəfər üçün), müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqları üçün 100 manat (hər uşaq üçün), valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları üçün (himayəçilərinə) müavinət 100 manat, dəfn üçün birdəfəlik müavinət 300 manat müəyyən olunub.

İmzalanan sərəncam və fərmanlar 600 minədək şəxsin (o cümlədən 300 min əlilliyi olan şəxsin) sosial müavinətlərinin, prezidentin aylıq təqaüdlərinin ciddi şəkildə artırılmasını nəzərdə tutur. Fərmanda qeyd olunan məqsədlər üçün əlavə olaraq illik 400 milyon manat ayrılmaqla,  sosial müavinət və təqaüdlərin verilməsinə yönələn illik vəsait 2 dəfə artırılacaq”.

Qeyd edək ki, prezident İlham Əliyev “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Sosial müavinətlərin məbləğinin artımı ilə bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://president.az/articles/32736      

Gülşən Şərif / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən