Bakıda sahibsiz itlər yaşayış binasına girdi - Zirzəmidə məskunlaşdı
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, Bina 9A ünvanında yaşayan sakin Əlosmanov Orxan Redaktor.az-a şikayət məktubu ilə müraciət edib.
Şikayətçi bildirib ki, yaşadığı binanın giriş və zirzəməsində qapılar açıq qaldığına görə, küçə itləri burada məskunlaşır. Hətta iki gün öncə sakin itlərin hücumuna məruz qalıb. Problemlə bağlı dəfələrlə 105 saylı mənzil-kommunal istismar idarəsinə müraciət edilsə də, məsələnin həlli nəticəsiz qalıb.
Suraxanı MKTB-nin 105 saylı Mənzil-Kommunal İstismar İdarəsinin rəhbəri Qurbanov Həbib Redaktor.az-a açıqlamasında bildirib ki, problem artıq həll olunub:
“Vətəndaşların şikayətini nəzərə alaraq, dünən binanın zirzəmisinin girişi bağlanıb. Bina girişinin qapısı isə yaxın zamanda təmir ediləcək”.
Gülşən Şərif/ Redaktor.az














