Qəsəbələrdə avtobus problemi - Pik saatlarda sıxlıq yaşanır

 14:10 23.04.2019     711

"Daşıyıcıdan pik saatlarda avtobus sayını artırmasını tələb etmək olmaz". 

İctimai nəqliyyat problemi bu gün Bakıətrafı bəzi ərazilərdə hələ də qalmaqdadır. Həmin ərazilərdə yaşayan sakinlər bildirirlər ki, pik saatlarda avtobuslardan istifadə edə bilmirlər. Buna səbəb ərazi üzrə istifadəyə verilən avtobus xətlərinin təlabatı ödəməməsidir.

Problemlə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova Redaktor.az-a açıqlamasında bildirib ki, avtobus sayı sərnişin axınına əsasən təmin edilir:

“Bakı və Bakıətrafı marşrut xətləri müəyyən olunarkən həmin ərazidəki sərnişin axını nəzərə alınır. Şirkətimizin dövlət qurumu olaraq avtobusları yoxdur. Biz xətdə daşıyıcı şirkətlər vasitəsilə  xidmət göstəririk. Daşıyıcı şirkət rentabelliyi nəzərə alır. Sərnişin axını müəyyən edildikdən sonra tələbata uyğun şəkildə əraziyə avtobuslar ayrılır.

Məsələn, Masazır qəsəbəsi üzrə 3 marşrut xətti mövcuddur. Bu marşrutlar sərnişin tələbatına uyğun şəkildədir və heç biri Masazırda eyni dayanacaqda dayanmır. Pik saatlarda sərnişin axını çox olduğu üçün avtobusların az olduğu düşünülə bilər. Pik saatları çıxmaq şərtiylə, Bakıətrafı kənd və qəsəbələrin avtobuslarında sıxlıq müşahidə olunmur. Daşıyıcıdan pik saatlarda avtobus sayını artırmasını tələb etmək olmaz. Bütün hallarda pik saatlarda yaşanan sıxlığa görə daşıyıcıya məlumat veririk".

Qurum rəsmisi onu da qeyd edib ki,  Dövlət Avtomobil Nəqliyyatı Xidməti şəhərlərarası marşurt xəttlərinə nəzarət edir. Şəhərdaxili marşrut üzrə sərnişindaşıma fəaliyyətinə isə ərazinin yerli qurumları cavabdehdir.  

Gülşən Şərif/ Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən