Bədən boşluğu, daş bloklar... - Azərbaycana NARKOTİK keçirmə cəhdləri

 17:08 23.04.2019     741
Qaçaqmalçılar istənilən zaman müxtəlif üsullarla malları ölkəyə gətirməyə cəhd edirlər. 
 
Bu cəhdlərin qarşısı isə ölkəmizin gömrük orqanları tərəfindən daima alınır. Qaçaqmalçılar bu malları sərhəddən keçirə bilmək üçün müxtəlif gizlətmə üsullarından istifadə edirlər. Bu üsullardan bəziləri insanlarda təəccüb doğurur. 
 
Həmin gizlətmə üsulları ilə bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov Redaktor.az-a açıqlamasında bildirib ki, gizlətmə üsulundan asılı olmayaraq, gömrük orqanları bu kimi halların qarşısını alır: 
 
“Ən təəccüblü gizlətmə üsullarından biri elə bu yaxınlarda Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda aşkar olunmuşdu. Daş blokların içərisində xüsusi "məharətlə" gizlədilən narkotik vasitə-heroinin çəkisi 306 kiloqram 710 qram idi. Həmin qeyri-adi üsullardan biri də narkotik vasitələrin daxili bədən boşluqlarında gizlədilməsidir”. 
 
Qanunsuz yolla ölkə ərazisinə gətirilən məhsulların dəyəri ilə bağlı Gömrük Komitəsinin rəsmisi qeyd edib ki, ümumiyyətlə, həmin məhsulların dəyərləndirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən həyata keçirilir: 
 
"Keçirilən əməliyyat tədbirləri nəticəsində qızıl-zinət əşyaları, tütün məmulatları, mobil telefonlar, spirtli içkilərin gizli yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Saxlanılan malların dəyərini isə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi müəyyənləşdirir". 
 
Gülşən Şərif/ Redaktor.az
Vumart və Güvən reklamı Vumart Güvən