Əlilliyin müəyyən olunması mexanizmi dəyişdirilir - DİQQƏT!

 15:15 25.04.2019     475

“Əlilliyin qiymətləndirilməsi zamanı insanın 7 əsas həyat fəaliyyəti nəzərə alınacaq”.

Bu, Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin Redaktor.az-ın sorğusuna verdiyi açıqlamada qeyd olunub. Bildirilib ki, yeni meyarlarda xəstəlik və ya travmanın orqanizmin funksionallığına olan təsiri əsas götürüləcək:

“Yeni meyarlara əsasən özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti bacarığı nəzərə alınacaq. Eyni zamanda əlillik xəstəliklər, çatışmazlıq və zədə fəsadlarından irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin məhdudlaşmasına səbəb olan insan orqanizmi funksiyalarının itirilməsi ilə bağlı müəyyən olunacaq”.  

Məlumata görə, əlillik müddətinin də  orqanizminin funskionallığına əsasən təyin olunacağı müəyyənləşib:

“Təyin olunmuş insan orqanizmi funksiyalarının itirilməsi 31-60% aralığında ardıcıl olaraq 15 il, 61-80% aralığında ardıcıl olaraq 10 il və 81-100% aralığında ardıcıl olaraq 4 il müddətdən sonra ömürlük təyin olunur”.

Açıqlamada qeyd olunur ki, Nazirlər Kabinetinə təqdim olunan sənəd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Agentlik arasında razılaşdırılmaqla, Səhiyyə Nazirliyi tərəfindən təsdiq ediləcək.  Əlilliyin müəyyən olunması ilə bağlı yeni meyarların 2020-ci il yanvarından 1-dən tətbiq edilməsi nəzərdə tutulur. Yeni meyarların tələblərinə uyğun olaraq xüsusi proqram təminatı da hazırlanacaq. 

Gülşən Şərif/  Redaktor.az