Bu sürücülər CƏRİMƏLƏNƏ BİLƏR - 150 AZN

 11:16 26.04.2019     1332

Nəqliyyat vasitələri arasında yanacaq kimi sıxılmış təbii qazdan istifadə edilməsi halları artıb.

Sürücülər sıxılmış qazdan istifadə etməklə yanacağa qənaət edirlər. Bu üsuldan istifadə etmək üçün avtomobilin yük yerinə qaz balonu yerləşdirilir. Mühərrikə bir neçə detal əlavə edilir və bununla da avtomobil həm də maye qazla işləyə bilir. Lakin bu məsələdə qaydalara əməl etmək vacibdir. 

Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Redaktor.az-a açıqlamasında bildirib ki, qanuna əsasən, avtomobilə əlavə olaraq qaz avadanlığı quraşdırıla bilər. Lakin bu avadanlıq quraşdırılan zaman təhlükəsizlik tədbirləri nəzərə alınmalıdır:

"Bu işlə məşğul olan servisin qanunvericilikdə nəzərdə tutulan tələblər üzrə sənədləri olmalıdır. Sənədlər qaydasında olandan sonra nəqliyyat vasitəsinə qaz balonu quraşdıra bilər”.

DYP rəsmisinə görə, sıxılmış qazdan istifadə edən sürücülərin də müvafiq sənədləri mütləq olmalıdır:

“Qaz balonu quraşdırılan nəqliyyat vasitəsi mütləq şəkildə ərazi üzrə qeydiyyat-imtahan bölməsində texniki baxışdan keçməlidir. Quraşdırılmadan sonra yanacaq sisteminin dəyişdirilməsi ilə bağlı Dövlət Yol Polisində təkrar qeydiyyat aparılmalıdır. Bu prosedur aparılmadıqda, sürücü  məsuliyyətə cəlb oluna bilər. Müvafiq qaydalara əməl etməyən sürücü 150 manat məbləğində cərimələnir”.

Gülşən Şərif/ Redaktor.az