Sosial müavinət və təqaüdlər ARTIMLA ÖDƏNİLDİ

 17:19 29.04.2019     476

“Artıq aprel ayı üzrə sosial müavinət və təqaüdlər artırılmış məbləğlərdə ödənilib”.

Redaktor.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirib.

O, qeyd edib ki, həmçinin sosial müavinət alan müharibə veteranlarına yeni təsis olunmuş aylıq təqaüd (80 manat) verilib:

“Əmək pensiyası alan, I dərəcə əlilliyi olan şəxslər üçün 100 manat, onlara və həmçinin sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər üçün aylıq 50 manat, əmək pensiyası alan müharibə veteranları üçün aylıq 80 manat yeni təqaüdlərin verilməsi üçün isə normativ qaydaların layihəsi hazırlanaraq artıq təqdim edilib. Qaydalar təsdiq edildikdən sonra həmin vətəndaşlardan sənədlər qəbul olunmaqla, onlara yeni təqaüdlərin təyin olunaraq gələn ayın sosial müavinət və ya pensiyaları ilə birgə verilməsi (aprel ayının da təqaüdü daxil olmaqla) təmin ediləcək”.

Qeyd edək ki, prezident İlham Əliyevin fərmanlarına əsasən bu ilin aprelin 1-dən sosial müavinət və təqaüdlər artırılmaqla, prezidentin yeni aylıq təqaüdləri təsis olunub.

Gülşən Şərif / Redaktor.az