“Xahiş edirəm, atama kömək edin”- Müharibə veteranının qızı kömək istədi / FOTOLAR

 19:01 29.04.2019     492

Ötən gün hüquqşünas, Qarabağ müharibəsi veteranı Tofiq Hüseynova - bizim Tofiq əmimizə baş çəkməyə getmişdim. Coşqun dalğalar kimi gözlərində böyük ümid vardı. O ümidin ləpələri sahilə vurur, yanaqlarından süzülüb, axırdı...

5 ildir yataq xəstəsidir. Keçirdiyi ağır və dəhşətli qəzada bədəni iflic olub. İki qız övladı var. 9 yaşlı Arzu autizm xəstəliyindən əziyyət çəkir. 2014-cü ildə onu müalicə üçün qonşu ölkələrdən birinə aparmağı, müalicəsini orada davam etdirməyi qərara almışdılar. Elə bu məqsədlə də uzun yola çıxsalar da, ağır avtomobil qəzası keçiriblər. Qarabağ uğrunda vuruşan, ölümlə burun-buruna gələn, vətən həsrəti ilə alışıb-yanan Tofiq Hüseynov haradan biləydi ki, onu hələ qarşıda daha da əzab-əziyyətli günlər gözləyir...

Xatırlayıram, universitetə hazırlaşırdım, qohumlardan eşitdim ki, bizim Tofiq əmi ağır qəza keçirib, ölümlə mübarizə aparır. Hazırlıqlardan çıxıb saatlarla, həftələrlə xəstəxanada onun müsbət xəbərlərini gözləyirdim. Aradan 5 il ötüb, əvvəlkinə nisbətən onun bədənində indi müsbət irəliləyişlər hiss etmək mümkündür. Yəni, çarə var. Bu çarə böyük çarədir. Baş vermiş qəza, atasının 5 illik yataq xəstəsi olması evin böyük qızına da ciddi təsir edib, psixoloji zərbə alıb.

Tofiq Hüseynovun gözlərindəki o ümid, o coşqu 5 illik əzab-əziyyətin üzərindən xətt çəkir, bir körpə kimi yenidən dünyaya gəlməyə cəhd göstərirdi. Hüseynov deyir ki, ayağa qalxıb qızının müalicəsinə davam edəcək, onların xoşbəxt yaşaması üçün son ana qədər həyatla mübarizə aparacaq.

Gözlərindəki qütb parıltılarının səbəbini soruşanda dedi ki, mənim dövlətim mənim yanımdadır, dəfələrlə müraciət etmişəm, həmişə də müraciətim cavabsız qalmayıb. Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi müraciətimlə əlaqədar öz əməkdaşlarını göndərib, mənim həyatda qalmağım üçün az da olsa, dəstək olublar:

“Tam sağalıb ayağa qalxma ehtimalım yüksəkdir. Türkiyənin İstanbul şəhərində yerləşən Liv Hospitalında xəstəliyimin müalicəsi var, lakin maddi imkanım olmadığı üçün müalicəmi davam etdirə bilmirəm”.

Tofiq Hüseynov deyir ki, gözlərindəki qütb parıltılarının ən böyük səbəbi Azərbaycan Respublikası I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın müstəsna fəaliyyətidir:

“Həmişə izləyirəm. Qarabağ qaziləri, veteranlar, müalicəyə ehtiyacı olan soydaşlarımız hər zaman Mehriban xanımın diqqətindədir. Onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində bütün zəruri addımlar atılır. İçimdəki o inam da məhz Heydər Əliyev Fondunun fəaliyyətinə görədir”.

Bir neçə dəqiqə otağa sükut çöksə də, yastığının altından bükülü vəziyyətdə bir kağız çıxarıb, mənə uzatdı. Dedi ki, əllərim işləmir, mən yaza bilmirəm, bunu qızım yazıb, sən yaxşısan, bunu Mehriban xanım Əliyevaya göndər, dərdimizin əlacını onda görürəm. Təsirli idi.

Yazını olduğu kimi təqdim edirəm:

“Hörmətli Mehriban xanım!

Atam 3 mart 1973-cü ildə anadan olub. Qarabağ müharibəsi iştirakçısıdır, 1992-1996-cı illərdə Ağdam-Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Ali təhsilli hüquqşünasdır, Ədliyyə Nazirliyinin Qaradağ rayon icra şöbəsində icra məmuru vəzifəsində işləyib. Ailəlidir, iki qız övladı var. 9 yaşlı bacım Hüseynzadə Arzu autizm xəstəliyindən əziyyət çəkir. 1 yanvar 2014-cü ildə bacımı İrana müalicəyə apararkən Salyan rayonu ərazisində avtomobil qəzasına uğramışıq, atam ağır bədən xəsarətləri alıb. Nənəmi itirmişik. Atamın boyun nahiyəsində 6 və 7-ci fəqərələrin qırılması nəticəsində bədəni iflic vəziyyətə düşüb. Hazırda 5 il vaxt keçib, yataq vəziyyətindədir. Ciddi reabilitasiya və müalicəyə ehtiyyacı var. Son zamanlar cənab prezident İlham Əliyevin və sizin rəhbərliyinizlə əlillərə, müharibə veteranlarına, imkansızlara, jurnalistlərə sonsuz dəstək nümayiş olunur. Xahiş edirəm ki, atamın müalicə olunmağı üçün lazımi tapşırıqlar və göstərişlər verəsiniz. İnanıram və yenə də inanıram ki, bir gün məni məktəbin həyətində atam gözləyəcək, bizi yenə də şəhidlər xiyabanına aparacaq. Xahiş edirəm atama kömək edin”.

Tofiq əmi əli qələm tuta bilməsə də, qızından xahiş edib ki, müraciəti Tofiq Hüseynovun adından yazsın. O, mətnin məzmununu saxlasa da, müraciəti öz adından yazıb...

Şahin Sərdarlı

Hüseynov Tofiq Əvəz oğlunun əlaqə vasitələri:

+994 (50) 856-04-75

+994 (12)569-74-74

2222