DİQQƏT! Bu sürücülər CƏRİMƏLƏNƏCƏK - Bu gündən...

 14:55 01.05.2019     509

Bu gündən etibarən ölkə ərazisində idarə olunan minik avtomobillərində jalüzlərin istifadəsinə icazə verilir.

Maraqlıdır, həmin jalüzlərin montajı neçəyə başa gəlir?

Avtomobil üzrə texniki məsləhətçi Əli Sultanov Redaktor.az-a açıqlamasında bildirib ki, jalüzlərin montaj qiyməti fərqlidir:

“Jalüzləri avtomobilə montaj etməyin qiymətləri fərqlidir. Elə ustalar var ki, montajı 30 manata edir. Bəzi ustalar isə bu işi 50-80 manata görür. Professional ustalar isə jalüzü avtomobilə zavod üsulu kimi yerləşdirirlər. Bu halda jalüzün birinin montajı təxmini 150-200 manat ətrafında olur. Bəzi sürücülər əl ilə tikilən pərdələrə üstünlük verirlər. Çox güman ki, bunun səbəbi qiymətlə bağlıdır. Çünki əl ilə tikilən pərdələrin qiyməti daha ucuz olur. Adətən bu cür pərdələrdə şüşə tamamilə bağlanır. Bu da ki qanuna ziddir. Bütün hallarda, sənayə üsulu ilə hazırlanmış jalüzlərin istifadəsi məsləhətdir".

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov isə Redaktor.az-a açıqlamasında bildirib ki, tələbləri pozan sürücülər cərimələnəcək:

“Təəssüf ki, bəzi sürücülər avtomobilin arxa yan şüşələrində buqələmun, güzgü və müxtəlif rəng çalarlarından istifadə etməyə üstünlük verirlər.  “Yol hərəkəti haqqında” qanunun 1 saylı əlavəsinə əsasən, istismar olunan nəqliyyat vasitəsinə şüşələrin görünüşünü məhdudlaşdıran, şəffaflığı korlayan pərdələrin, plyonkaların quraşdırılaraq istifadə edilməsi yolverilməzdir və bunu edənlər inzibati məsuliyyətə cəlb edilir. Tələbləri pozan sürücülər 150 manat məbləğində cərimə olunur”.

DYP rəsmisi bildirib ki, avtomobillərdə ancaq standart pərdə və jalüzlərin istifadəsinə icazə var:

“Minik avtomobillərinin arxa sağ-sol qapı şüşələrinə, yəni avtomobillərin arxa qapılarının şüşələrinə sənaye üsulu ilə hazırlanmış jalüzlər (pərdələr) çəkə bilərlər”.

Qeyd edək ki, Azərbaycanın iqlim şəraitini nəzərə alaraq, hər il mayın 1-dən noyabrın 15-dək minik avtomobillərində sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilir.

Gülşən Şərif / Redaktor.az