Prezident təqaüdü alanlar, DİQQƏT! - Sənəd qəbulu BAŞLADI

 18:30 01.05.2019     661

“Əmək pensiyası alan, birinci dərəcə əlilliyi olan şəxslərə və müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün vətəndaşların sənəd qəbuluna başlanılıb”.

Redaktor.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirib. O, qeyd edib ki, vətəndaşlar yaşadıqları rayon (şəhər) şöbəsinə ərizə ilə müraciət etməlidirlər:

“Əmək pensiyası alan birinci dərəcə əlilliyi olan şəxslər onlara təqaüdün (100 manat) təyin edilməsi üçün nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun yaşadıqları rayon (şəhər) şöbəsinə yalnız ərizə təqdim edirlər. Müharibə veteranlarının isə onlara təqaüd (80 manat) təyin olunması üçün ərizə və müharibə veteranı vəsiqəsini təqdim etmələri kifayət edir”.

Nazirliyin rəsmisi onu da qeyd edib ki, birinci dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Prezidentin təqaüdünün (50 manat) verilməsi üçün qaydaların layihəsi hazırlanaraq artıq təqdim edilib:

“Həmin təqaüdün birinci dərəcə əlilliyi olan şəxslərin ərizəsi əsasında müəyyən edilən şəxsə ödənilməsi nəzərdə tutulur. Ərizədən başqa, onlardan digər sənəd tələb olunmayacaq. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlər üçün aylıq təqaüd isə həmin uşaqlara görə aylıq sosial müavinət alan şəxslərə (heç bir sənəd tələb edilmədən) təyin olunub veriləcək”.

Qeyd edək ki, təqaüdlərin hər birinin 1 aprel 2019-cu il tarixdən hesablanmaqla ödənilməsi təmin ediləcək.

Gülşən Şərif / Redaktor.az