"Guya bunlar mırtdırlar, duzdurlar..." - Vaynerlərə SƏRT SÖZLƏR

 17:00 02.05.2019     772

Son günlər vaynerlərin sosial şəbəkələrdə paylaşdığı videolar ölkə gündəmini zəbt edib. 

Onların həmin videolarda kimlərisə təhqir etməsi, açıq-saçıq görüntüləri müzakirələrə səbəb olub. 

Bununla bağlı Redaktor.az-a açıqlama verən “Şən və Hazırcavablar Klubu" və “Bakılı oğlanlar” komandasının sevimli simalarından olan Vado Korovin bildirib ki, bu, birbaşa cəmiyyətin problemidir:

“Hər insanın tərbiyə səviyyəsi var. Kimsə bunu edib, açıq şəkildə paylaşırsa, o, ilk növbədə özünü göstərir. Bizim cəmiyyətimizdə problem var. Həmin videoların baxış sayı 1 milyondan çox olur. Maraqlıdır, pisdirsə, niyə baxırlar? Bu cür videoları çəkən bloqqerlər tez və asan yolla məşhurluq qazanmaq istəyirlər. Burada tərbiyə və təhsil böyük rol oynayır. İnsan özünün inkişafı ilə məşğul olmursa, yəqin ki, bu cür videolar ona yaxın və xoşdur. Onlar başqa həyat tərzi sürürlər. Öz aralarında “mırtlaşırlar”, guya bunlar “mırtdırlar”, “duzdurlar”. Bu, cavanlıq xəstəliyidir. Bir az oxuyub, təhsil alsaydılar, zövqləri formalaşardı. Zövqləri ucuzdur. Ümumiyyətlə, vayn janrı Azərbaycanda çox təzədir". 

Jurnalist, bloqqer Bahadur Seyidov məsələylə bağlı Redaktor.az-a açıqlamasında qeyd edib ki, təkcə Azərbaycanda deyil, dünyanın dört bir yanında bayağı, gülməli, +18, şiddət videoları daha çox izlənilir və paylaşılır. Bunun qarşısını almaq fərdi şəkildə mümkün deyil:

“Dövlət səviyyəsində hər hansı sayta, sosial şəbəkəyə və ya bloqqerə təzyiq göstərmək ola bilər. Bir faktı deyim, Alexa.com-da (saytların beynəlxalq reytinqini ölçən sayt) Azərbaycanda ən çox baxılan 20 sayt arasında porno saytlar da var. Bir ara bu saytların girişi məhdudlaşdırılmışdı. Amma indi yenidən onlara daxil olmaq mümkün olur. Vaynerlərin videosu, ya da 3 qızın çılpaq videosu evlərdə izlənilir. Demək ki, texnologiyanın sürətlə inkişafına qarşı nəsə etmək lazımdır.”

Jurnalist onu da vurğulayıb ki, valideynlər bu məsələdə övladlarına daha diqqətlə yanaşmalı, onların internetdən istifadələrinə nəzarət etməlidirlər:

“Məsələn, yeniyetmələrə nəzarət etmək üçün Avropa ölkələrində xüsusi mobil əlavələrdən istifadə edirlər. Bu cür proqramlar vasitəsi ilə valideynlər uşaqlarının harada olduğunu, hansı saytdan istifadə etdiyini rahat şəkildə görə bilər. "Google"nin "Gmail" sistemində yenilik var. Hesabı açarkən qarşınıza sual çıxır: "Kimin üçün açırsan, övladın, yoxsa özün üçün?". Övladının telefonundan daxil olursansa, onun bütün hesablarını yoxlaya, lazım gəlsə, əngəlləyə bilərsən. Valideynlərə tövsiyəm, vaxtınızı seriallara, lazımsız müzakirələrə, qeybətə ayırdığınız qədər yeni texnoloqiyaların öyrənilməsinə ayırın. Hərdən uşağınızın əlindən telefonu alın və baxın”.

Sevda Bayramova / REDAKTOR.AZ