Tullantılar vaxtlı-vaxtında daşınmır - Vətəndaşlar NARAZIDIR

 14:53 03.05.2019     787

Əhalinin gediş-gəlişin intensivləşdiyi vaxtda zibil daşıyan yük maşınlarının işə başlaması vətəndaşların etirazına səbəb olur.

Tullantıların vaxtlı-vaxtında daşınması vacib olsa da, düzgün seçilməyən vaxt əlavə problemlərə yol açır. Zibil daşıyan yük maşınlarının pik saatlarda, xüsusən də dar küçələrdə işə başlaması sürücülərin narazılığına yol açır. Mütəxəssislərə görə, problemin həlli üçün zibil qutularının yerləşdirildiyi xüsusi yerlər olmalıdır:

“Mənzil Kommunal Departamenti Kommunal Xidmətlər Müəssisəsi” MMC-nin hüquqşünası Yalçın Məhərrəmov Redaktor.az-a açıqlamasında bildirib ki, bəzi dar küçələrdə zibil maşınları sadəcə gündüz saatlarda işləyə bilir:

“Bakı şəhərində gün ərzində 100-ə yaxın zibil maşını işləyir. Zibil maşınları əsasən axşam saat 6-dan sonra əraziyə çıxırlar. Şəhərdəki nəqliyyat sıxlığını nəzərə alaraq, işin görülməsi axşam saatlarına saxlanılır. Səhər saat 8-ə qədər bütün şəhərdəki zibillər daşınır. Bununla yanaşı, hər rayon üzrə gün ərzində növbətçi maşınlar olur. Növbətçi maşınların sayı rayonun ərazisinə uyğun olaraq müəyyənləşdirilir”.

Gediş-gəlişdə yaranan problemlə bağlı hüquqşünas qeyd edib ki, bu məsələdə onlar günahkar deyil:

“Küçəni biz salmırıq. Onun dar və ya geniş olmasından asılı olmayaraq, bizim işimiz bərk məişət tullantılarının götürülməsidir. Zibillərin daşınmaması daha qlobal problemə səbəb ola bilər. Çünki zibillərin qaldıqca kəskin iy verməsi ətraf mühit üçün məqsədəuyğun deyil. Gediş-gəlişdə problem yaranmaması üçün yaxşı olar ki, sürücülər maşınlarını zibil qablarının qarşısında saxlamasınlar. Problemin həlli üçün bir-birimizə yardım etməliyik”.

Hüquqşünas həmçinin vurğulayıb ki, mövcud problemin həlli mümkündür:

“Hazırda Bakı şəhəri üzrə monitorinq aparılır. Pilot layihənin həyata keçirilməsi fonunda 5 rayonda zibil qabları dəyişdirilib. Monitorinq nəticəsində problemlər araşdırılır”.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov isə Redaktor.az-a açıqlamasında bildirib ki, zibil yığımı zamanı gediş-gəlişdə problem yaşanmaması üçün  sakinlərin də dəstəyi olmalıdır:

“Yük maşınlarının işi zibilləri yığıb aparmaqdır. Zibil maşınları qrafikə uyğun ya səhər, ya da axşam saatlarında işləyir. Sakinlərin özü şərait yaratmalıdır ki, yaşadıqları ərazilərdə zibillər rahat şəkildə yığışdırılsın”.

Zibil  qutularının yerdəyişməsi ilə bağlı BŞİH rəsmisi qeyd edib ki, bu qutular öncədən müəyyən edilən ərazilərdə yerləşdirilir:

“Elə sakinlər var ki, zibil qutularının yerlərinin dəyişilməsini istəyirlər. Onlar bu qutuların yerində qaraj və ya mağaza tikmək niyətində olurlar. Halbuki, bu yanaşma doğru deyil. Həmçinin, sakinlər zibil qutularının yaşadıqları ərazidən nisbətən uzaqda yerləşdirilməsini istəyirlər. Köhnə yaşayış məntəqələrində zibil qutularının yerləşdiyi yer müəyyən olunub. Yeni tikililərdə isə zibil qutularına ayrılan yer üçün ayrıca yol olmalıdır. Binanın təsərrüfat xidmətinə cavabdeh şəxslər tərəfindən təyin olunur”.

Gülşən Şərif / Redaktor.az