"Uşaq pulu mütləq bərpa olunsun" - Fazil Mustafadan TƏKLİF

 18:44 03.05.2019     595

Millət vəkili Fazil Mustafa Azərbaycanda Aliment Fondunun yaradılması və uşaq pulunun bərpa olunması ilə bağlı təklif irəli sürüb.

Redaktor.az-ın məlumatına görə, o, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında  Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatının müzakirəsi zamanı çıxış edib.

O, bildirib ki, uşaq pulunun 6 yaşadək uşaqlara şamil olunması vacibdir:

“Uşaqların istismarına, cinsi zorakılığa məruz qalmasına qarşı ciddi tədbirlər görməliyik. Hazırda bu uşaqların 450 nəfəri müəyyən olunub. Onların məcburi əməyin qurbanı olması təsdiqlənməsə də, gələcəkdə qurbana çevrilmək potensialları yüksəkdir. Ona görə də bu istiqamətdə profilaktik tədbirlərlə yanaşı,  Aliment Fondunun bərpası həyata keçirilməlidir. İqtisadçıların hesablamalarına əsasən, bu fondun yaradılması üçün 12-13 milyon manat vəsait tələb olunur”.

Deputat həmçinin uşaq pulunun bərpa edilməsini təklif edib:

“Uşaq pulunu mütləq bərpa etməliyik. Ən azı 6 yaşadək uşaqlar üçün reallaşdırılmalıdır. Statistikaya əsasə, ölkədə ümumi yoxsulluq səviyyəsi 5.5%-dir. Uşaqlar arasında yoxsulluq səviyyəsi isə 10% təşkil edir. Bu göstərilən səviyyədən 2 dəfə yüksəkdir. Büdcədən 120 milyon manat vəsait tələb olunur ki, 6 yaşadək uşaqlar üçün vəsait verilsin. Bu kateqoriyadan olan uşaqların sağlam böyüməsi və müəyyən sıxıntılarının ortadan qaldırılması üçün uşaq pulu ayrılması vacibdir. Uşaq pulunu imkanlı ailələrə şamil etməmək də olar”.

Gülşən Şərif / Redaktor.az