Zorakılığa məruz qalan uşaqlar üçün “Qaynar xətt” yaradılacaq - BU TARİXDƏ

 12:16 04.05.2019     787
Azərbaycanda hər il onlarla uşaq zorakılığa məruz qalır.
 
Mənəvi-psixoloji təzyiq hallarına məruz qalan uşaqlar üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ölkədə  “Qaynar xətt” yaradılacaq. 
 
“Zorakılığa məruz qalan uşaq və yeniyetmələrin müdafiəsi üçün “Qaynar xətt”in yaradılması son dərəcə vacibdir".
 
Bunu sosioloq Cavid İmamoğlu Redaktor.az-a açıqlamasında bildirib.
 
Onun sözlərinə görə, bu addım çox təqdirəlayiqdir:
 
"Zorakılığa məruz qalan uşağın şikayət edəcəyi bir ünvan yoxdursa, tətbiq olunan zorakılıq gizli qalır. Bu baxımdan “Qaynar xətt”in fəaliyyət göstərməsi əhəmiyyətlidir. Zorakılığa məruz qalan şəxslər maarrifləndirilməlidir ki, hara və ya kimə müraciət edəcəklərini bilsinlər. 
 
“Qaynar xətt” zorakılıq hallarının ayırd edilməsində effektli təsirə malik olacaq
 
İnsanlar qarşılaşdığı halların zorakılıq olub-olmadığını “Qaynar xətt”ə müraciət etməklə öyrənə biləcəklər. Məsələn, həyətdə bir uşağın digəri uşağı hədələyərək, ondan  pul almasının iqtisadi və ya emosional zorakılıq olub-olmadığını müəyyənləşdirmək mümkün olacaq. Uşaq və yeniyetmələrin müdafiəsi üçün atılan addım təqdirəlayiqdir”.
 
Bu xətt ümumi zorakılıq halları üçün nəzərdə tutulub
 
Yeni qərarın övlad-valideyn münasibətlərinə mənfi təsiri gözlənilmir. Uşağın ictimai yerlərdə zorakılığa məruz qalmaması üçün valideyn özü bu cür xətlərin fəaliyyətində maraqlı olmalıdır. Bəzən cəmiyyətimizdə zorakılığa haqq qazandırılır. Xüsusən də zorakılığa “tərbiyə” adı verən valideynlər “Qaynar xətt”lərin yaradılmasını istəmirlər. Halbuki “Qaynar xətt” zorakılıq hallarının azalmasına təsir edəcək”. 
 
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıbov isə Redaktor.az-a açıqlamasında hazırda bu istiqamət üzrə işlərin davam etdirildiyini və “Qaynar xətt”in  bu ilin sonuna qədər fəaliyyətə başlayacağını bildirib. 
 
Qeyd edək ki, 2019-cu ilin ilk dörd ayında “Uşaq Qaynar xətti”nə 861 zəng daxil olub.
 
Gülşən Şərif / Redaktor.az
Vumart və Güvən reklamı Vumart Güvən