Abituriyentlər texniki ixtisaslara üstünlük verir - SƏBƏBİ / Ekspert açıqladı
“Gələcəkdə fəlsəfə və sosial elmlərin inkişafı ilə bağlı sahələrə daha çox ehtiyac olacaq”.
Bunu təhsil eksperti Kamran Əsədov Redaktor.az-a açıqlamasında bildirib.
O, vurğulayıb ki, texnologiyaya olan maraq gələcəkdə “Asan xidmət” kimi informasiya kommunikasiyasına dayanan yeni xidmətlərin əmələ gəlməsinə səbəb olacaq:
“2018-ci ildə Bakı Ali Neft Məktəbində “İnformasiya təhlükəsizliyi”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi", “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” kimi yeni ixtisaslar yaradılıb. Çünki texnologiyanın inkişaf etdiyi bir zamanda çox işçi qüvvəsinə ehtiyac qalmır və əksər sahələr elektronlaşdırılır. 50 il bundan qabaq ali təhsil almaq, yəni 5 il oxumaq 25-35 il ondan istifadə etməyə bəs edirdi. İndi isə öz ixtisasımızı ən azı 4-5 dəfə dəyişməliyik. Bir ali təhsil kifayət etmir. Gələcəkdə kənd təsərrüfatında mütərəqqi texnologiyalar olacaq”.
Təhsil eksperti vurğulayıb ki, gələcəkdə Yer kürəsinin xilası və tərəqqisi ilə bağlı elmlər daha çox öndə olacaq:
“Qloballaşmanın gətirdiyi problemlər onu göstərir ki, beyni artıq informasiya ilə yükləyən elmlər sıradan çıxacaq. Yeni prinsipə əsasən beyində əsas, vacib baza informasiyalarını yerləşdirmək lazımdır. Gələcəkdə okeanı, onun dərinliyini, kosmosu, ekoloji məsələləri öyrənəcəyik. Ona görə də NASA hansı problemlərlə məşğul olursa, həmin sahə qabaqdadır. Onların məşğul olduğu istiqamətlər üzrə ölkədə elmi inkişaf etdirmək daha doğru yol olardı”.
Qeyd edək ki, builki tələbə qəbulunda daha çox texniki ixtisaslara üstünlük verilib.
Gülşən Şərif / Redaktor.az












