Plastik qablardan nə vaxt imtina edəcəyik? - Tədbirlər GÜCLƏNDİRİLİB

 16:11 07.05.2019     843

“Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması istiqamətində tədbirlər gücləndirilib".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev Redaktor.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamət üzrə maarifləndirmə işləri davam etdirilir:

“Plastik qabların müxtəlif növləri var. Aşağı sıxlıqlı plastik qablar daha ucuz başa gəlir. Bu, təkrar emal üçün yararlı deyil. Bir dəfə istifadə üçün nəzərdə tutulan belə məhsullar təbiəti daha çox çirkləndirir və biomüxtəlifliyə ciddi təsir göstərir. Hazırda ölkəmizdə bu istiqamət üzrə maarrifləndirmə işləri aparılır. Ötən ilin may ayından Nazirlik tərəfindən plastik tullantıların toplanıb təkrar emal müəssisələrinə təhvil verilməsi üçün 37 şəhər və rayon mərkəzində 200-dən artıq xüsusi konteynerlər yerləşdirilib.

İnsanların diqqətini bu məsələyə cəlb etmək məqsədilə Nazirlik tərəfindən aparılan tədbirlərdə iştirak üçün ayrı-ayrı qurumlardan müraciətlər olur və birgə çağırış aksiyaları həyata keçirilir. Kompleks tədbirlərin icrası üçün prezident İlham Əliyev bu ilin 7 fevral tarixində “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair  2019-2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncama əsasən tədbirlərin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub”.

Qeyd edək ki, Avropada plastik qablardan istifadənin tamamilə qadağan olunması gözlənilir. Avropa Parlamenti tərəfindən ötən il dünya okeanının çirklənməsində 85% paya malik bu məhsulların qadağan olunması ilə bağlı qərar qəbul olunub. Qərara görə, bir dəfə istifadə olunan plastik qab və digər plastik məhsulların istifadəsi 2021-ci ildən qadağan olunmalıdır. ABŞ, Çin, Avstraliya, İtaliyada, Fransada, o cümlədən bəzi Afrika ölkələrində həmin məhsulların istifadəsi məhdudlaşdırılıb. Eyni zamanda, Rusiya da plastik qablardan istifadə qadağasına hazırlaşır. 

Gülşən Şərif / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən