Azərbaycanda zorakılığa məruz qalan qadınların YAŞ HƏDDİ 18-40 arasıdır

 17:56 08.05.2019     1726

"Azərbaycanda fiziki və psixoloji zorakılığa məruz qalan qadınların yaşı əsasən 18-40 arasında dəyişir". 

Bunu redaktor.az-a açıqalamasında "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib. 

Onun sözlərinə görə, məişət zorakılığı hallarının artmasının başlıca səbəbi qarşılıqlı məsuliyyət hissinin olmamasıdır:

“Ailə münasibətlərində öhdəliklərin kifayət qədər dərk edilməməsi bu cür neqativ halların artmasına səbəb olur. Əvvəllər ailə münasibətlərinin idarə olunmasında yaşlı insanlar iştirak edirdilər. İndiki dövrdə yaşlı insanların prosesə qoşulmaması və təcrübəsiz şəxslərin məsuliyyətsizliyi ailə münasibətlərinə mənfi təsir göstərir. Digər səbəblərdən biri isə ailə quran şəxslərin bir-birinə güvənməməsidir. Qəribədir ki, insanlar bir-birinə güvənmədiyi halda ailə həyatı qurur”.

Mehriban Zeynalova bildirib ki, sığınacağa müraciət edən qadınların hamısı məişət zorakalığına məruz qalıb:

“Məişət zorakılığına məruz qalan qadınlar arasında həm rəsmi, həm də qeyri-rəsmi nikah quranlar var. Fiziki və psixoloji zorakılığa məruz qalan bu qadınların yaşı əsasən 18-40 yaş arasında dəyişir. Bu cür neqativ halları azalda bilmək və tədricən ən minimum həddə endirmək üçün aidiyyatı rəsmi qurumlarla vətəndaş cəmiyyəti institutlarının birgə əməkdaşlığına, həmçinin maarifləndirici teleproqramlara tələbat var”.

Hüquqşünas Ellada Bayramova isə açıqlamasında bildirib ki, məişət zorakılığının əsas səbəblərindən biri insanların savadsızlığı ilə bağlıdır:

“Ölkəmizdə ailə institutlarının fəaliyyəti sıfır səviyyədədir. Valideynlərin çoxu uşaqlarının təhsil almasında o qədər də maraqlı deyil.  Əsasən savadlı valideynlər uşaqlarının savadlanmasına can atırlar. Məişət zorakılığına təsir edən digər səbəblərə qısqanclıq, valideyn etinasızlığı, sosial-iqtisadi problemləri misal çəkmək olar.

Vətəndaşlarımız qanunlara ciddi yanaşmır

Qanunvericilikdə müvafiq qanunlar olsa da, icra mexanizmi çox aşağıdır. Qadın məişət zorakılığı ilə bağlı polisə şikayət etdikdə, onlar bunun ailə məsələsi olduğunu və qarışa bilməyəcəklərini bildirirlər. Bununla bağlı mənə çox müraciət olub. Həmçinin, Cinayət Məcəlləsinin 131.2-ci maddəsinə əsasən, sağlamlığa ağır zərər vurmaya görə beş yüz manatadək cərimə tətbiq oluna bilər. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən isə zorakı hərəkətlərlə qəsdən fiziki xəsarət yetirməyə görə 300 manatdan 500 manatadək inzibati cərimə və ya 2 ayadək inzibati həbs nəzərdə tutulub. Bu, düzgün deyil. Deməli, hər insan cəriməni ödədikdən sonra yenə xəsarət yetirə bilər”.

Hüquqşünas bildirib ki, zorakılığa məruz qalan qadınlar üçün psixoloji mərkəzlərin sayı artırılmalıdır:

“Zorakılığa məruz qalan qadınlara qarşı müəyyən proqramlar çərçivəsində layihələr həyata keçirilir. Lakin bu layihələr yetərli deyil. Zorakılığa məruz qalan qadının yaşadığı travma övladlarına verdiyi tərbiyədə də özünü göstərir. Məişət zorakılığına məruz qalan insanlarla psixoloq və psixiatrlar işləməlidir. Çünki psixoloji şiddət daha ağırdır. Bu cür şiddət növü insanı intihar həddinə də çatdıra bilər”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ildə 915 qadın məişət zorakılığına məruz qalıb.

Gülşən Şərif / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən