Yeni binalarda SAYĞAC PROBLEMİ - Sakinlərdən əlavə pul tələb olunur / RƏSMİ CAVAB

 16:46 10.05.2019     3281

Yeni tikililərdə sayğac quraşdırmaq üçün 800-1000 manata qədər pul tələb olunur.

Yeni binalarda sakinlərin üzləşdiyi əsas problemlərdən biri sayğac məsələsidir. Belə ki, həmin binalarda sayğacların quraşdırılması üçün pul tələb olunması sakinlər tərəfindən narazılıqla qarşılanır.

Tikinti məsələləri üzrə ekspert Elnur Fərzəliyev Redaktor.az-a açıqlamasında bildirib ki, tikinti şirkətləri vətəndaşların məlumatsızlığından istifadə edərək, sui-istifadə hallarına yol verirlər:

“Müxtəlif tikinti şirkətləri (MTK) yeni binalarda mənzillərə qoyulacaq qaz, su və elektrik sayğacları üçün abonentlərdən qeyri-qanuni şəkildə pul tələb edirlər. Bu xidmət köhnə tikililərdə vətəndaşlara pulsuz həyata keçirilir. Çünki köhnə yaşayış binalarında çıxarış olur. Çıxarış olmayan yeni binalarda isə tikinti şirkətləri sakinləri asanlıqla aldada bilir. Vətəndaşlar mənzil alarkən MTK-larla bağlanan müqavilədə sayğacların pulunun vətəndaş tərəfindən ödəniləcəyi göstərilmir. Şərtlərdə bildirilir ki, mənzil işıq, su və qazla təmin olunacaq.  Buna baxmayaraq, MTK-lar  hüquqi şəxs olmalarından istifadə edərək, sayğacları müvafiq qurumlardan alır və vətəndaşa daha baha qiymətə satır. Hətta 3 sayğaca 800-1000 manat verən insanlar var”.

Ekspert vurğulayıb ki, sakinlər bu cür aldadılma faktları ilə bağlı məhkəməyə müraciət edə bilərlər:

“Aldadılan istehlakçı məhkəmə iddiası qaldırar və müəyyən yerlərə şikayət edərsə, sayğacı pulsuz ala bilər. Vətəndaşların bu məsələ ilə bağlı maarrifləndirilməsinə böyük ehtiyac var. Vətəndaş ev almadan öncə müqaviləni diqqətlə oxumalıdır. Müqavilədə başa düşmədiyi maddə varsa, bunu aydınlaşdırmalıdır. Yaxşı olar ki, mənzil alarkən sənədləşmə işində vəkil də iştirak etsin”.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Redaktor.az-a açıqlamasında bildirib ki, təmsil etdiyi qurum sakinlərin şikayətinə cavabdeh deyil:

"Sayğacın quraşdırılması texniki şərt daxilində icra olunur. Sayğacları biz yox, MTK-ların özləri quraşdırırlar. Bizdən sadəcə olaraq, sayğac alırlar. Yeni tikilən binalar üçün texniki şərt daxilində sayğac ödənişlidir. Fazasından asılı olaraq, onların qiyməti fərqlidir.  Lakin sayğacın vətəndaşa satılması MTK-ya aid olan məsələdir".

"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı açıqlamasında vətəndaşların bu narazılığının hər il müşahidə olunduğunu vurğulayıb:

““Azərsu” ASC olaraq, biz bu məsələyə qarışmırıq. Yeni tikilən binalarda su, qaz, elektrik xətlərinin çəkilməsi MTK-lar tərəfindən həyata keçirilmir. Biz MTK-lara texniki şərtlər veririk. Şərtlərin tələbinə əsasən binalar standartlara uyğun şəkildə binanın daxili paylayıcı su və kanalizasiya xətləri, ehtiyat su anbarları qurulmalı və sayğacla təmin edilməlidir. MTK-nın sayğacın pulunu satdığı mənzilin qiymətinə daxil etməsi və ya sakinlərdən toplaması daxili seçimidir. MTK-ların tətbiq etdiyi qiymətlər fərqli olur. Bu məsələdə isə “Azərsu” ASC heç bir məsuliyyət daşımır”.

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin sözçüsü İbrahim Kərbəlayev qeyd edib ki, sakinlərdən sayğac pulu yığılmasına MTK-lar cavabdehdir:

“2019-cu ilin yanvar-fevral aylarında hüquqi və fiziki şəxslərin quruma daxil olan müraciətləri araşdırılıb. Cari ilin 4 ayı ərzində müvafiq sənədləri qəbul edilən çoxmərtəbəli binalar üzrə qazın açılması təmin edilib. Ümumilikdə həmin binalarda 6262 ailə yaşayır. “Azəriqaz” İstehsalat Birliyi təbii qazın satışını həyata keçirir. Bu baxımdan bütün normativ texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanı ən qısa müddətdə mavi yanacaqla təmin edir. “Azəriqaz” İB təbii qaz təminatı zamanı bütün sənədlərin qaydasında olmasına, müvafiq qurumların rəyləri və istismara qəbul aktlarının alınmasına, xarici və daxili qaz kəmərlərinin tikinti pasportları, quraşdırılmış məişət qaz sayğaclarının mənzillər üzrə siyahısı və s. zəruri sənədlərin qaydasında olmasına da diqqət edir. Sənədlər qaydasında olduqdan sonra  3-5 gün ərzində texniki baxış həyata keçirilir və tələblərə uyğunluq varsa, bina mavi yanacaqla təmin olunur. Bu binalara qaz açılmasının təmin olunması və sayğacların verilməsi ilə bağlı müqavilələr isə hüquqi şəxs olaraq MTK-larla bağlanır”.

Gülşən Şərif / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən