"Gücləndirilmiş iş rejimi davam edir" - “Azərişıq”-dan AÇIQLAMA

 11:24 11.05.2019     578

Ölkənin bir sıra regionlarında havanın kəskin soyuması, dolu və yağışın yağması ilə əlaqədar "Azərişıq" ASC gücləndirilmiş iş rejiminə keçib.

Son vəziyyətlə bağlı "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Redaktor.az-a açıqlama verib.

Qurum rəsmisi bildirib ki, ötən gün axşam saatlarından etibarən qəza təhlükəsi yaranan ərazilər nəzarətə götürülüb və hazırda təhlükəli vəziyyət yoxdur:

“Elektrik xətlərimizə problem yaradacaq maneələrlə bağlı qabaqlayıcı işlər görülüb. Güclü külək əsasən Şimal-qərb, Cənub bölgəsi, Dağlıq rayonlar, xüsusən də Zaqatala, Lerik, Yardımlı, Daşkəsən, Tovuz rayonlarında müşahidə olunub. Lakin heç bir qəza hadisəsi baş verməyib. Hava şəraiti düzələn kimi əməkdaşlarımız operativ şəkildə xətləri bərpa ediblər. Gücləndirilmiş iş rejimi hava şəraiti tam düzələnə qədər davam edəcək”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumatına əsasən Quba, Göygöl, Gəncə, Daşkəsən, Lənkəran, Astara, Yardımlı, Biləsuvar, Şamaxı və Naxçıvanda hava küləkli və yağışlı keçir. Ötən gün bəzi regionlara dolu düşüb.

Gülşən Şərif / Redaktor.az