"Bu il buraxılış imtahanlarının nəticələri aşağı olacaq" - Ekspert dəyişikliklərdən danışdı
Bu il buraxılış və qəbul imtahanları ilə bağlı yeni model tətbiq olunub.
Yeni modelə əsasən ali məktəblərə qəbul imtahanları iki mərhələdə keçirilir. Əvvəlki illərdən fərqli olaraq, bu il buraxılış imtahanlarının nəticələri də əsas götürülür.
Təhsil eksperti Kamran Əsədov Redaktor.az-a açıqlamasında bildirib ki, dəyişikliyin imtahan nəticələrinə müsbət təsir edəcəyi gözlənilən deyil:
“Yeni qaydalara görə, I mərhələdə (buraxılış imtahanında) abituriyentlər 3 fənndən (ana dili, riyaziyyat, xarici dil) maksimum 300 bal, II mərhələdə (qəbul imtahanında) isə 3 fənndən (ixtisas qruplarına uyğun) maksimum 400 bal olmaqla cəmi 700 bal toplaya bilərlər. İmtahanın birinci mərhələsinin nəticələri ilə V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq olar. Eyni zamanda, bu mərhələnin nəticələri də ikinci mərhələnin üzərinə gəlir.

Yeniliklərdən biri də açıq tipli test suallarının markerlər tərəfindən yoxlanmasıdır:
“Açıq tipli tapşırıqların cavabları Dövlət İmtahan Mərkəzi (DİM) və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb. Hər bir yazı işi əvvəlcə “scan” olunur və 2 marker tərəfindən qiymətləndirilir. Markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir. Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir.
İmtahanda şagirdlərə təqdim olunan hər bir tapşırıq üçün ayrıca qiymətləndirmə meyarı hazırlanıb:
Markerlər hər hansı bir tapşırığa aid yazı işini yoxladıqda, məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar. Qiymətləndirmə meyarlarında tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmır.
Nəticələrin yay qəbul imtahanları keçirilənədək elan olunması nəzərdə tutulur
İmtahanda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb edir. Nəzərə alaq ki, qapalı test suallarının cavablandırılmasında təsadüfi amillər, yəni müəyyən qədər bəxt də rol oynayır. Çünki qarşısındakı hər bir sualın 5 mümkün cavabına baxan abituriyent onlardan birinin düz olması haqqında təsadüfi fikrə gəlir və həmin cavabı da qeyd edir. Bununla da o, imtahanda uğur qazanmaq şansını artırır. Açıq sualların tətbiqində isə bu təsadüfilik amili aradan qaldırılır. Maraqlı hal odur ki, açıq sualı cavablandıra bilməyən abituriyent digər bir abituriyentin bu suala verdiyi istər düz, istərsə də səhv cavabı köçürə bilməyəcək. Həmin suallara verilmiş səhv cavablar da abituriyent üçün cərimə kimi hesablanmayacaq".
Təhsil eksperti onu da qeyd edib ki, 2019-cu ildə keçiriləcək qəbul və buraxılış imtahanları əvvəlki illərlə müqayisədə aşağı nəticələrin olması ilə seçiləcək. Çünki bu il tətbiq olunan yeniliklər tam şəkildə imtahan iştirakçıları tərəfindən mənimsənilməyib.

Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə isə açıqlamasında bildirib ki, dəyişiklik yeni tədris proqramı ilə tədris alan şəxsə şamil olunur:
“11 il əvvəl məktəblərdə yeni tədris proqramı olan kurikulum tətbiq olunmağa başlayıb. Həmin ərəfədə dərsə gedən şagirdlər indi məktəbi bitirirlər. Ona görə də qaydalar və imtahanın məzmunu da bu dəyişikliyə uyğunlaşdırılmalıdır. Şagirdlərin riyazi bacarıqları, təhliletmə qabiliyyəti, oxuyub-anlama və dinləmə qabiliyyəti yoxlanılmalıdır”.
Qurum rəsmisi onu da qeyd edib ki, abituriyentlərin 700 bal toplaya biləcəyi ilə bağlı gözləntinin reallığı nəticələr açıqlanandan sonra məlum olacaq:
İmtahan nəticələri bəlli olmadan və nəticələrin təhlili aparılmadan öncə bir fikir söyləmək doğru olmaz. Yaxın iki həftə ərzində hər iki mərhələnin nəticələri elan olunacaq. Daha sonra nəticələr barədə təhlil aparmaq mümkün olacaq".
Qeyd edək ki, bu il ali məktəblərə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də keçirilib. II və III ixtisas qrupları üzrə isə mayın 19-da keçiriləcək. İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyunun 23-də, II və III ixtisas qrupları üzrə iyulun 7-də baş tutacaq.
Gülşən Şərif / Redaktor.az












