Məktub yetişmədi... - Təhsil Nazirliyi sorğumuza CAVAB VERMİR

 14:37 14.05.2019     765
Təhsil nazirinin müavini İdris İsayev növbəti dərs ilindən tələbələrin 50 faizinə təqaüd veriləcəyini bildirib. 
 
Bu addımın təhsilin keyfiyyətinə təsiri ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov Redaktor.az-a açıqlama verib.
 
O, bildirib ki,  təqaüdün verilməsi tələbələr arasında rəqabət mühitini yaratmağa xidmət edəcək:
 
“Yeni qərar tələbələrə dövlət qayğısını artırmağa, onlarda təhsilə marağı stimullaşdırmağa və təhsilin keyfiyyətini yüksəltməyə müsbət təsir edəcək. Bu qərar həm də bir sıra sosialyönümlü üstünlüklərə malikdir. Sərəncamın tətbiqi aztəminatlı ailələrdən olan, ödənişli əsaslarla təhsil alan və yüksək akademik göstəricilərlə fərqlənən tələbələrə təqaüd almaq imkanı yaradacaq. Bununla yanaşı, qaçqın və məcburi köçkünlər, həmçinin təhsil haqqı dövlət tərəfindən ödənilən digər imtiyazlı ailələrdən olan tələbələr, sosial rifah halını yaxşılaşdırmaq imkanı əldə edəcəklər”.
 
Ekspert bu yeniliyin keyfiyyətli kadr hazırlığı aparmağa zəmin yaradacağını bildirib:
 
“Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına müvafiq olaraq deyə bilərik ki, Azərbaycanda təkcə orta təhsil pulsuz deyil, eyni zamanda ödənisiz ali təhsil müəssisələri də mövcuddur. Bu, prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğının nəticəsidir”.
 
Təhsil Nazirliyində ilişib qalan sorğular...
 
Nəzərdə tutulan təqaüdün konkret olaraq hansı əsaslarla və ya hansı tələbələrə şamil olunacağı, təxminən nə qədər tələbəyə şamil olunacağı ilə bağlı Təhsil Nazirliyinin elektron poçt adresinə sorğu göndərsək də, günlərlə sorğumuz cavabsız qaldı. Nazirliyin əməkdaşı Fərizə Əhmədova israrımıza cavab olaraq bildirdi ki, sorğuların cavablandırılmasına nazirliyin müvafiq şöbələri cavabdehdir. Sual olunur, o zaman ortada vasitəçi və ya bufer rolunu oynamağa çalışan mətbuat xidmətinin işi nədən ibarətdir? Və ya nazirliyin müvafiq adlandırılan şöbələrinin adi bir sualı cavablandırması üçün həftələrlə vaxt lazımdırmı? Ölkə başçısının birbaşa təşəbbüsü və iradəsi ilə həyata keçirilən islahatların sürətli bir dönəmində, bu qədər ləng və bürokratik qaydalarla işləyən qurumun fəaliyyəti nə ilə izah oluna bilər?   
Gülşən Şərif / Redaktor.az
Vumart və Güvən reklamı Vumart Güvən