“Çörək pulu verin”, “Evimdə xəstə var”... - Dilənçilərin qarşısını necə almaq olar?

 18:16 14.05.2019     438

“Çörək pulu verin”, “Evimdə xəstə var”, “Uşağıma dərman pulu lazımdır”...

Daha çox metro çıxışları, insanların sıx olduğu yerlərdə eşitdiyimiz səs. Mənzərə isə eyni, ya qucağında uşaq olan gənc bir qadın, ya da ayaqlarının işləmədiyini iddia edən yaşlı xala. Təxmin etdiyiniz kimi söhbət dilənçilərdən gedir. 

Bu gün həqiqətən ehtiyacı olanlarla yanaşı, dilənçiliyi özünə bir növ peşə seçənlər də az deyil. Maraqlıdır, bu cür fırıldaqçılığa qarşı hansısa tədbir görülürmü?

Məsələ ilə bağlı sosioloq Cavid İmamoğlu Redaktor.az-a açıqlamasında bildirib ki, dilənçilərə pul verilməsi qanunsuzluğun genişlənməsinə yol açır:

“Ölkədə dilənçi uşaqların mövcud olması xoşagələn hal deyil. Bu göstərici həmin vətəndaşların sosial müdafiəsinin olmamasından irəli gəlir. Qaraçıları çıxmaq şərtiylə, insanların dilənçiliyə məcbur olmasının səbəbi maddi qazancla bağlıdır. Ölkəmizdə dilənçiliyin yayılmasına təsir edən bir neçə faktorlar var. Bəzən insanın uğursuz iş həyatı və ya düzgün tərbiyələndirilməməsi dilənçiliyə səbəb olur”.

Sosioloq onu da qeyd edib ki, dilənçiliyin qarşısını almaq üçün sosial tədbirlərin təşkilinə ehtiyac var:

“İnsanların məşğulluq fəaliyyətinin artırılması, maddi vəziyyətinin yaxşılaşdırılması, tədris-təlim imkanlarının formalaşması dilənçiliyin qarşısını ala bilər. Əsas ağrıverici məsələ uşaqların dilənçiliyə cəlb edilməsidir. Bu isə uşaq hüquqlarının kobud şəkildə pozulmasıdır. Dilənən uşağa pul verilməsi doğru addım deyil və heç də uşaqlara dəstək verildiyini göstərmir. Əksinə, qanunsuzluğun artmasına şərait yaradılır”.

Vəkil Xəyal Bəşirov isə vurğulayıb ki, qanunvericilikdə dilənçiliklə bağlı müddəalar yoxdur:

“Dilənçiliklə məşğul olmaq inzibati xətadır. Qanunsuz gəlir əldə etmək baxımından dilənçilərin polis tərəfindən saxlanılması mümkündür. İnzibati Xətalar Məcəlləsinin "Avaralıqla məşğulolma" adlı 307-1-ci maddəsi mövcuddur. Dilənçiliklə məşğul olan şəxslər barəsində protokol tərtib olunur və 20 manatdan 25 manata qədər cərimə müəyyən olunub. Bu kifayət etmədikdə isə şəxs barəsində 15 günədək inzibati həbs seçilə bilər. Lakin dilənçiliklə bağlı qanunvericilikdə konkret maddələr mövcud deyil. Əslində, sərt cəzalar cinayətlərin qarşısının alınmasında heç də effektiv təsirə malik olmur. Lakin bütün hallarda cərimə məbləğinin 50-100 manat, həbs müddətinin 20 gün və 1 ay artırılması dilənçiliyin qarşısının alınmasına müsbət təsir edə bilər”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il dilənçilik edən 450 uşaq qeydiyyata alınıb.

Gülşən Şərif / Redaktor.az