Problemli kreditlər üzrə kompensasiya ödənişi davam edir

 16:06 14.05.2019     686

“Problemli kreditlərin həlli ilə bağlı kompensasiya ödənişlərinin 84%-i icra olunub”.

Redaktor.az xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinin rəhbəri Elşən Allahverdiyev açıqlamasında bildirib.

O, bildirib ki, 13 may tarixinə qadər artıq 506 min vətəndaş ödənişlərlə təmin edilib:

“Nəzərdə tutulan planın 84%-i icra edilib. Kompensasiya ödənişləri 243 min nəfərin ödəniş müddəti keçmiş kreditlərinin azaldılmasına yönəlib və 263 min nəfərə isə nağd və ya plastik kart formasında təqdim olunub”.

Qurum rəsmisi bildirib ki, artıq Apellyasiya Komissiyasına edilmiş müraciətlərə araşdırmaların nəticələrinə müvafiq olaraq cavabların verilməsi prosesinə start verilib:

”Vətəndaşlar apellyasiya komissiyasına müraciət üçün yaradılmış xüsusi portalda özləri üçün yaratdığı şəxsi kabinetlərindən izləyə bilərlər. Hər bir vətəndaşın müraciəti 30 iş günü müddətində cavablandırılır”.

Qeyd edək ki, prezident İlham Əliyevin bu ilin 28 fevral tarixində imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmana əsasən, ümumilikdə 602 min vətəndaşa kompensasiyanın ödənilməsi nəzərdə tutulub.

Gülşən Şərif / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən