HƏYƏCAN TƏBİLİ: Ölkədə hər 100 qıza 115 oğlan düşür - Qadınların sayı bilərəkdən azaldılır

 19:01 15.05.2019     512

Statistika göstərir ki, Azərbaycanda qız uşaqlarının sayı oğlan uşaqlarının sayına nisbətdə azalmağa doğru gedir. 

Ölkəmizdə qız uşaqlarının sayının azalması cinslərarası balansın pozulmasına və bir sıra problemlərin yaranmasına yol açır. Bəs görəsən, cinsi nisbətin pozulmasına təsir edən əsas amillər nələrdir?

"Sağlam Toplum" İctimai Birliyinin sədri, jurnalist-sosioloq Lalə Mehralı Redaktor.az-a açıqlamasında qadınların sayının azalmasının əsas səbəbinin selektiv abortlar olduğunu bildirib:

“Selektiv abortların qarşısının alına bilməməsi yeni doğulan qız uşaqlarının sayının azalmasına təsir edir. Selektiv abortla məşğul olan həkimlərin cinayət məsuliyyətinə cəlb edilməsi və bunun ictimailəşdirilməsinə ehtiyac var. Cinsi nisbətin pozulmasının qarşısını almaq üçün daha ciddi tədbirlər görülməlidir. Qadınların sayının artımı üçün cəmiyyətdə bu məsələyə xüsusi önəm vermək lazımdır. Qadınlara yüksək vəzifələrdə yer verilməlidir ki, ailələr qadının cəmiyyətdə rolunun böyü olduğunu anlasın. Yəni, əksər insanlar uşağının qız olacağını biləndə sevinsin. Ailələrdə övlad ayrı-seçkiliyinə yol verməməlidir”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov isə tarazlığın pozulmasının gələcəkdə ciddi problemlərə yol açacağını bildirib:

“Ölkəmizdə demoqrafik proseslər fonunda 25 il ərzində cinslərarası nisbətin dəyişməsi müşahidə olunur. 25 il öncə qadınların sayı ölkə əhalisinin 51.7%-ni təşkil edirdisə, hazırda bu rəqəm 50.1%-ə qədər enib. Hər il doğulan qız və oğlan uşaqlarının nisbətinin dəyişməsi ciddi problemlərə yol açır. 2019-cu ilin yanvar ayının statistikasına əsasən, hər 100 qıza 115 oğlan düşür. Normal qaydada, yəni süni təsir olmadıqda isə hər 100 qıza 105-107 oğlan düşür”.

Qurum rəsmisi bildirib ki, hər il ölkəmizdə təxminən 20 min abort həyata keçirilir və bu vəziyyətin qarşısının alınması vacibdir:

“Ailədaxili təzyiqlər və selektiv abortların mövcudluğu tarazlığın pozulmasına səbəb olur. Təəssüf ki, ölkəmizdə selektiv abortlarla bağlı statistik məlumatlar yoxdur. Bütün hallarda qadını aborta məcbur edən şəxslər  cinayət məsuliyyətinə cəlb edilir. Qadına  qarşı zorakılıq halları real problemdir. Bu problemin həlli məqsədilə qurumumuz Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi və BMT-nin Əhali Fondu ilə birgə Milli Fəaliyyət Planı hazırlayıb. Planın əsas hədəfi oğlan və qızlar arasında cins nisbətinin tarazlaşdırılmasına yönəlib”.

Qeyd edək ki, hazırda ölkə əhalisinin 50.1%-ni qadınlar təşkil edir.

Gülşən Şərif / Redaktor.az