Türkiyədən ev alan azərbaycanlıların sayı niyə artıb?

 13:13 17.05.2019     568

Son illər Azərbaycan vətəndaşlarının xarici ölkələrdə daşınmaz əmlak almaq marağı artıb. 

Bu marağ fonunda, vətəndaşlarımızın daha çox Türkiyənin iri və kurort şəhərlərində  daşınmaz əmlak almağa üstünlük verdikləri müşahidə olunur. Maraqlıdır, görəsən tələbatın artmasına hansı amillər təsir edir?

Tikinti məsələləri üzrə ekspert Elnur Fərzəliyev Redaktor.az-a açıqlamasında bildirib ki, əsasən lirənin ucuzlaşması vətəndaşlarımızın Türkiyədən daşınmaz əmlak alma istəyinə təsir edib:

“Türk lirəsinin  ucuzlaşması fonunda oradakı qiymətlər xaricilər üçün cazibədar görünür. Bu ucuzlaşma vətəndaşlarımızı da mülk almağa sövq edir. Əvvəllər Türkiyədə 100 min dollara 1 mənzil almaq mümkün idisə, hazırda bu qiymətə 2-3 ev almaq mümkündür. Vətəndaşlarımız daha çox İstanbul, Alanya, Antalya və Bodrumda daşınmaz əmlak almağa üstünlük verirlər. Ümumilikdə isə hər il Türkiyədən daşınmaz əmlak alan vətəndaşların sayında artım hiss olunur. Orada satılan daşınmaz əmlakların hamısı təmirli olur, binalararası məsafələr qorunur.

Türkiyəyə yatırım edən alıcılar kasıblar deyil.

Azərbaycandan Türkiyəyə daşınmaz əmlak almaq üçün gedən kontingent fərqlidir. Onlar əlavə evə sahib olmağa görə, Türkiyəyə üz tuturlar. Vətəndaşlarımızın əksəriyyəti kommersiya və iqtisadi gəlir əldə etmək məqsədi güdür. Belə ki, azərbaycanlılar kurort zonalarında daşınmaz əmlakı əsasən icarəyə verir. Bəziləri isə yay mövsümündə istirahət etmək üçün oradan ev almağa üstünlük verir. Hətta həmvətənlərimizin bir qismi məhz “xarici ölkədə evim var” demək üçün mənzil alırlar”.

Yerli daşınmaz əmlak bazarına toxunan ekspert bildirib ki, vətəndaşlarımızın Türkiyədən ev alması ciddi problemlərə yol açmır və ölkədaxili alıcılıq qabiliyyətinin zəifləməsinə təsir etmir.

Qeyd edək ki, 2019-cu ilin yanvar-aprel aylarında Azərbaycan vətəndaşları Türkiyədə 374 daşınmaz əmlak əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 117 ədəd çoxdur.

Gülşən Şərif / Redaktor.az