Vətəndaşlarımız əcnəbilərlə ailə qurmağa niyə maraqlıdır? - Sosioloqdan açıqlama

 17:00 17.05.2019     533

Əvvəllər ölkəmizdə ailə həyatı qurmaq istəyən insanlar əcnəbilərlə nikaha soyuq yanaşırdılar.

Son 20-30 il ərzində isə beynəlmiləl ailə qurmağa meyl edən vətəndaşlarımızın sayı çoxalıb.

"Sağlam Toplum" İctimai Birliyinin sədri, jurnalist-sosioloq Lalə Mehralı Redaktor.az-a açıqlamasında əsas səbəbin oğlanlarımızın ifrat qısqanclığı və psixoloji təzyiqi ilə bağlı olduğunu bildirib:

“Əcnəbilərlə nigaha dövrün tələbi, iqtisadi problemlər və ya psixoloji amillər təsir edir. Xarici vətəndaşla nikaha girən azərbaycanlılar arasında oğlanlara nisbətən qızların sayı çoxluq təşkil edir. Qızlarımız xüsusən də Türkiyə vətəndaşları ilə ailə qurmaqda maraqlıdır. Eyni zamanda, Rusiya vətəndaşı ilə ailə quran gənclərimizin də sayı çoxdur. Bəzən qızlarımız daha artıq sərbəstlik axtarışında olduqları üçün bu yolu seçirlər.

İndiki gənclər azadruhlu olmağa önəm verirlər

Gənclərimiz ailədə qadağalarla üzləşmək istəmirlər. Sərbəstliyə önəm verən bu gənclər həyat yoldaşından asılı olmaq istəmir. Halbuki insan ailə qurandan sonra “mən” anlayışı ikinci plana keçir. Evliliyin əsas öhdəliklərindən biri atdığın addımı həyat yoldaşınla bölüşməkdir.

“Əcnəbidən gəlin olmaz” deyimi çox yanlışdır

Əncəbilərlə ailə qurmağın demoqrafik göstəricilərə mənfi təsiri yoxdur. Bir çox valideynlər nikah məsələsində mədəniyyətlərin, adət-ənənələrin fərqliliyini önə çəkir və nikaha razılıq vermirlər. Bu düşüncə doğru deyil. Əncəbilərlə ailə quran kifayət qədər vətəndaşlarımız var ki, fərqliliyə adaptasiya ola biliblər.  

Əcnəbilərlə ailə quran gənclərimiz diqqətli olmalıdır

İnsan alveri baxımından gənclərimiz nikah bağlamadan öncə yaxşı düşünməlidirlər. Ölkədən çıxmadan öncə, rəsmi nikah bağlanmalı  və getdikləri ölkədə nikaha düşməlidirlər. Hər iki dövlət onları ailə kimi tanıdıqdan sonra risk halları azalır. Sırf dini kəbinə arxayın olmaq düzgün deyil. Çünki rəsmi nikahın olmaması deportasiya kimi hallara yol aça bilər”.

Qeyd edək ki, 2019-cu ilin 2 ayı ərzində azərbaycanlılarla  xarici ölkə vətəndaşları arasında 274 nikah bağlanıb.

Gülşən Şərif / Redaktor.az