Qərb bölgəsindəki fəsadlar aradan qaldırılıb - "Azərişıq"dan RƏSMİ AÇIQLAMA

 11:58 20.05.2019     579
Ötən gün Qərb bölgəsində hökm sürən sərt hava şəraiti bir sıra rayonlarda ciddi fəsadlar törədib.
 
Hazırki vəziyyətlə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Redaktor.az-a açıqlama verib.
 
Bildirib ki, hazırda enerji təchizatı  ilə bağlı heç bir problem yoxdur: 
 
“Ötən gün axşam saatlarından etibarən sərt hava şəraiti, xüsusən Zaqatala, Qax, Balakən, Gədəbəy, Daşkəsən, qərb və şimal-qərb zonalarında müşahidə olunub.  Hava şəraiti ilə əlaqədar olaraq, əməkdaşlarımız operativ şəkildə işləyib və qabaqlayıcı tədbirlər həyata keçirib. Bu gün ölkənin hər bir ərazisi enerji təchizatı ilə təmin olunub.

Qəbələ rayonunda yaranan fəsadlar  artıq aradan qaldırılır

Güclü külək və dolu nəticəsində Qəbələ rayonunun bəzi ərazilərində elektrik xətlərinin üstünə ağaclar aşıb. Yaranmış bu vəziyyətin aradan qaldırılması ilə bağlı işlər artıq başa çatmaq üzrədir. Digər rayonlarda isə elektik enerjisi verilməsi ilə bağlı məhdudiyyət yoxdur”.

Qurum rəsmisi onu da vurğulayıb ki, hava şəraitinin mülayimləşməsinə baxmayaraq, bəzi ərazilərdə təhlükəsizlik naminə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi davam edir.

Qeyd edək ki, ötən gün axşam saat 22:00 radələrindən başlayaraq, Qərb zonasında sərt hava şəraiti müşahidə olunub.

Gülşən Şərif / Redaktor.az