Ölkədə boşanmaların əsas səbəbi XƏYANƏTDİR - Ailələrdə nə baş verir? / ŞƏRH

 17:05 20.05.2019     1613

Son illər Azərbaycanda boşanmaların sayı kəskin artıb.

Boşanmaların daha çox 3-5 ilə qədər olan evliliklərdə yaşandığı müşahidə olunur. Bu tendensiya isə ailə dəyərlərinə zərbə vurur. Bəzi insanlar boşandıqdan sonra həyatlarının daha da yaxşılaşacağını düşünürlər.

Bəs görəsən, boşanmaların artmasına səbəb nədir?

Psixoloq Taryel Faziloğlu Redaktor.az-a açıqlamasında boşanmaların artmasına səbəb olan əsas amilin sosial-psixoloji məqamlarla bağlı olduğunu bildirib:

“Boşanmaların artmasına təsir edən əsas amil kimi iqtisadi səbəblər göstərilir. Lakin bu, doğru yanaşma deyil. İqtisadi məqamlar boşanmada ikinci-üçüncü dərəcələridir. Tərəflərin qarşılıqlı  maraqlarının öncədən müzakirə olunmaması, inam hissinin olmaması və informasiya zəhərlənməsi  ailələrin dağılmasına yol açır. İnformasiya zəhərlənməsi qurulan ailələrin dəyərlər üzərində qurulmamasından yaranır. Ailələrin əksəriyyəti  fiziki və emosional istəklər üzərində qurulur. Bu isə ailənin davamlılığını aşağı salır və tərəflər boşanmağa meylli olur.

Hazırda Azərbaycanda ailə münasibətlərinin dayanıqlığı kövrək vəziyyətdədir.

Gənclərin çoxu qarşılıqlı inam və hörmət hissinin formalaşmasını gözləmədən, ilk seksual cəzbetmə fonunda evliliyə can atır. Bu cür qurulan ailələrdə zamanla seksual doyumluluq yaşanır. Qarşılıqlı şübhələr, qısqanclıq  və inamsızlıq ön plana çıxmağa başlayır. Nəticədə iki tərəfdən biri uzaqlaşmağa qərar verir. Son zamanlar boşanmamaq istəyi ilə bağlı psixoloqa müraciət edənlərin sayı artıb. Ötən illərlə müqayisədə, ailəsini qorumaq üçün müraciət edənlər arasında kişilərin sayı daha çoxdur. Qadınlar adətən psixoloji hallarla bağlı müraciət edirlər. Müraciət edənlər arasında  30 yaşdan yuxarı şəxslər üstünlük təşkil edir. 40 yaşdan yuxarı olan şəxslər  müəyyən mənada var.  20-30 yaşarası müraciət edənlərin sayı isə daha azdır.  Boşanmaların qarşısını almaq üçün kompleks psixoloji tədbirlər həyata keçirilməlidir”.

Hüquqşünas Ellada Bayramova isə saytımıza açıqlamasında vurğulayıb  ki, boşanmaların çoxu insanların anlaqlı şəkildə evlənməməsindən qaynaqlanır:

“Azərbaycanda boşanmaların səbəbləri ilə bağlı açıq statistika yoxdur. Hazırki evliliklərin çoxu maddiyyat üzərində qurulur. Boşanmaların əksəriyyəti də məhz maddiyyat ucbatından baş verir. Bütün hallarda travma alan uşaqlar olur. Təəssüf ki, bölgələrimizdə erkən nikahlar geniş yayılıb. Oğlanın 30 yaşı varsa, 18 yaşında qız uşağı alır. Yaşı böyük olan oğlanların yeniyetmə uşaqlara meyl etməsi və erkən nikahların baş verməsi normal hal deyil. Çünki bu yaş fərqi zamanla münasibətdə özünü göstərir və çox hallarda ailənin dağılmasına səbəb olur. Digər səbəblərə ailədaxili zorakılıq, şiddət və xəyanət daxildir.

Ölkədə xəyanətlər baş alıb, gedir...

Bir neçə il əvvələ qədər boşama səbəbi qaynana, baldız, yaşayış səviyyəsinin aşağı olması idisə, artıq bu gün boşanma səbəbi kimi xəyanət öndə gəlir. Əksər hallarda kişilərin xəyanətinə yol açan məhz qadınlar olur. Hansı ki, əksər oğul anaları xəyanətə “Kişiyə hər şey olar” devizi ilə yanaşır. Hətta bəzi kişilər xəyanətini öz həyat yoldaşından belə gizlətmir. Kişi öz həyat yoldaşına hörmət etmirsə, o cəmiyyətdən müsbət heç nə gözləməyə dəyməz.

Boşananlar arasında 45-50  yaşlı şəxslər də var

Böyük uşaqlarının olmasına baxmayaraq, iki ortayaşlı insan nikahı bitirməyə qərar verir. Ümumilikdə boşanmalar daha çox 25-35 yaşarası insanlar arasında olur. Onlar arasında 61%-nin evlilik müddətinin 5-9 ildən artıq davam etməməsi müşahidə olunur”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin üç ayında 3 972 boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 1.6 olub.

Gülşən Şərif / Redaktor.az