Evin tək övladı hərbi xidmətdən AZAD OLUNUR? - Deputatdan AÇIQLAMA

 14:00 21.05.2019     2870

Evin tək oğlunun hərbi xidmətə çağrılıb-çağrılmaması mövzusu son günlər yenidən müzakirə olunmağa başlayıb.

Məsələ ilə bağlı deputat Fazil Mustafa Redaktor.az-a açıqlamasında bildirib ki, evin tək övladının əsgər aparılmaması böyük problemlərə yol aça bilər:

“Vətəndaşlar arasında ayrı-seçkilik salmaq narazılığa səbəb olar. Çünki tək ailənin uşağı ilə çoxuşaqlı ailənin uşağı arasında sədd çəkmək doğru deyil. Hərbi xidmət Vətənə xidmət məsələsidir. Çalışmalıyıq ki, ordu sistemində ədaləti bərpa edək. Hərbi xidmətdə çətinliyin olması qaçınılmazdır. Bura uşaq bağçası deyil ki, hər kəs istədiyi hərəkəti etsin. Ordu çətinlik yeridir və burada ədalətsizlik mühiti formalaşmamalıdır. Hərbi xidmətə gedənlər bilməlidirlər ki, düşdükləri yerlə bağlı əvvəlcədən hər hansısa formada müdaxilədən söhbət gedə bilməz"

Cəmiyyətdə, məmur övladlarının döyüş bölgəsində xidmət etməmələri ilə bağlı müzakirələr həmişə aktual olub...

"Döyüş bölgələrində əsasən yoxsul ailələrin uşaqları xidmət edir. Bu, bir faktdır. Biz bu problemi  aradan qaldırmalıyıq. Elə əsgərlər var ki, hərbi xidmət müddətində cəmi 1-2 dəfə  hərbi hissəyə baş çəkirlər. Qalan günləri evlərində olurlar. Bu şəkildə xidmətin qarşısını almaq lazımdır"

Evin tək uşağının ümumiyyətlə əsgərliyə getməməsi yanlış addım olar

"Evin tək övladının hərbi xidmətdən uzaqlaşdırılması ordunun kompleksləşdirilməsinə böyük zərbə vura bilər. Sadəcə, tək övladların daha az riskli bölgələrdə xidmət göstərməsi müzakirə oluna bilər”.

Qeyd edək ki, 2008-ci ildə “Hərbi xidmət keçmə haqqında” qanuna  edilən dəyişiklikdən sonra, ailənin tək övladı da hərbi xidmətə cəlb olunur. Bir müddət öncə isə  deputat Zahid Oruc ailə başçısını itirən, tək övladlı ailələr üçün dəyişikliklər edilməsinin vacib olduğunu qeyd etmişdi.

Gülşən Şərif / Redaktor.az