"Dərsliklərdə ziddiyətli fikirlər çoxdur" - Ekspertdən AÇIQLAMA
“Ölkədə uzunmüddətli, dəyişməz qaydalara əsaslanan imtahan konsepsiyası qəbul edilməlidir”.
Bunu təhsil eksperti Kamran Əsədov Redaktor.az-a açıqlamasında bildirib.
Təhsil sistemində tez-tez baş verən dəyişiklikləri şərh edən ekspert vurğulayıb ki, hazırkı dərsliklərdə ziddiyətli fikirlər və məqamlar olduqca çoxdur:
“Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı ilə təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən, konseptual sənəd olaraq ölkədə ümumi təhsilin konsepsiyası (Milli kurikulum) kimi təsdiq edilmiş sənədlər toplusu gözlənildiyi kimi, təhsil ideyamıza çevrilə bilmədi. Təəssüf ki, ölkədə ali məktəblərə qəbul imtahanlarının formatında tez-tez köklü dəyişikliklər həyata keçirilir. Bu kimi ifrat dəyişikliklər təhsilin bir sistem olaraq oturuşmasına maneə olur. İslahatların çevikliyinə və mobilliyinə əngəl yaradır. Valideyn, abituriyentlər və ümumilikdə geniş ictimaiyyət arasında çaşqınlığa səbəb olur.

Kurikulum standartları şagirdlərimizin məntiqi təfəkkürünü inkişaf etdirmədi
Kurikulum standartları əsasında hazırlanmış qiymətləndirmə mexanizmləri şagirdlərimizin nitq qabiliyyətini, yazı vərdişlərini, məntiqi təfəkkürünü nəinki inkişaf etdirdi, əksinə bir çох ziddiyyət və anlaşılmazlıqlar yaratmaqla vəziyyəti bir az da ağırlaşdırdı. 2019-cu ildə keçirilən qəbul imtahanlarında bu baxımdan müəyyən problemlər ortaya çıxa bilər. Bu, ilk növbədə dərsliklər arasında olacaq ziddiyyətli informasiyalar ilə bağlıdır. Belə ki, kurikulum standartları ilə yazılmış və orta məktəblərdə istifadə edilən dərsliklərdə bir-birini inkar edən ziddiyyətli faktlar kifayət qədər var. Bu, xüsusilə tarix fənnindən istifadə olunan dərsliklərə aiddir.
Ölkədə imtahan konspensiyası hazırlanmalıdır
Qəbul imtahanlarının məzmununda və formasında dəyişikliyin edilməsi, dərsliklərin dəyişməsi ali məktəblərə qəbul olmaq istəyən əvvəlki illərin məzunlarının da cari ilin məzunları kimi iki mərhələli imtahanda – buraxılış və qəbul imtahanlarında iştirak etmələri nəticələrə təsir göstərəcək. Çünki cari ildən fərqli olaraq, əvvəlki illərdə orta məktəbi bitirənlər həm yeni qaydaları bilmirlər, həm də yeni dərsliklərdən xəbərsizdirlər. Ölkədə uzunmüddətli dəyişməz qaydalara əsaslanan imtahan konsepsiyası qəbul edilməlidir. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyənlər üçün Dövlət İmtahan Mərkəzi ayrıca vəsaitlər çap etməlidir. Orada dərsliklər arasında olan ziddiyətli fikirlər və məqamlar öz əksini tapmamalıdır. Bu, abituriyentlərin ali məktəblərə rahat hazırlaşmasına da kömək edər”.
Qeyd edək ki, bu il ilk dəfə olaraq ali məktəblərə qəbul olmaq istəyən məzunlar iki mərhələli imtahanda – buraxılış və qəbul imtahanlarında iştirak ediblər.
Gülşən Şərif / Redaktor.az












