Rəqabət Məcəlləsi nəyi dəyişəcək?

 11:27 22.05.2019     748

Azərbaycanda Rəqabət Məcəlləsi hazırlanacaq.

“Yeni qanun azad bazar mühitinin formalaşmasına və haqsız rəqabətin aradan qaldırılmasına zəmin yarada bilər”.

Bunu hüquqşünas Səməd Vəkilov Redaktor.az-a açıqlamasında bildirib.

O, hesab edir ki, yeni qanunun qəbul edilməsinə ehtiyac var idi:

“Hazırda Azərbaycanda “haqsız rəqabət haqqında” qanun qüvvədədir. Lakin bu qanun haqsız rəqabətin qarşısını almağa yönələn nəzəri bir qanuna çevrilib. Demək olar ki, “haqsız rəqabət haqqında” qanun funksionallıq baxımından işlək vəziyyətdə deyil. Bu baxımdan əlverişli bazar mühitinin formalaşması və anti-inhisar siyasətinin dərinləşdirilməsi üçün Rəqabət Məcəlləsinin qəbul edilməsi zəruridir. Rəqabət Məcəlləsi sahibkarlıq subyektlərinə, yəni sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslərə şamil ediləcək”.

Qeyd edək ki, Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov 2019-2020-ci illərdə Rəqabət Məcəlləsinin hazırlanmasının prioritet məsələ olduğunu vurğulayıb. O, bildirib ki, Prezident İlham Əliyev tərəfindən imzalanan “Məhkəmə-hüquq sahəsində islahatlarının dərinləşdirilməsi” haqqında fərman sahibkarlar üçün yeni imkanların yaradılmasını nəzərdə tutur.

Gülşən Şərif / Redaktor.az