Su hər zaman "AYDINLIQ" olmur... - Köhnəlmiş borulardan nə vaxt canımız qurtaracaq?

 14:34 22.05.2019     409

Su-kanalizasiya sistemində baş verən nasazlıqlarla bağlı yaranan vəziyyət əhalini narahat edən əsas məsələlərdən biridir.

Qəza nəticəsində yolları suyun basması, su təchizatında məhdudiyyətlərin yaranması müəyyən narazılıqlarla səbəb olur.

Yaranan neqativ hallarla bağlı  “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Redaktor.az-a açıqlama verib.

O, bildirib ki, neqativ halların yaşanmasına səbəb Bakı ərazisində hələ də istismar müddəti bitmiş, lakin istismar olunan kifayət qədər su xəttlərinin olmasıdır:

“Bakının əksər ərazilərində  40-50-ci illərdə çəkilmiş su boruları hələ də istismar olunur. Səbail, Yasamal, Nəriman Nərimanov, Suraxanı, Xətai və bir neçə rayonların ərazisində su təchizatı 70-80–ci illərdə çəkilmiş borular vasitəsilə həyata keçirilir. Yeni yaşayış masssivləri istisna olmaqla, digər ərazilərdəki su boruları Sovet dövründən qalıb”.

Qurum rəsmisi bildirib ki, 2010-cu ildən etibarən yenilənmə prosesi mütəmadi olaraq davam etdirilir:

“Ötən il Babək prospektində su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması işləri həyata keçiriləndə, istismar müddətini başa vurmuş və tez-tez qəzaların baş verdiyi 2 çuqun və 1 polad magistral su xəttinin fəaliyyəti dayandırıldı. Əvəzində Babək prospekti boyunca 1000 və 800 mm diametrli polad borularla 7 km uzunluğunda əsas magistral, prospektin sağ və sol hissəsi ilə polietilen borularla 11 km uzunluğunda paylayıcı kəmərlər çəkildi. Yəni, ümumilikdə 30 km-ə yaxın su xətti çəkildi. Hazırda Nəsimi rayonu Mirəli Qaşqay küçəsi, Dəmiryol Vağzalının yuxarı hissəsində Sovet dövründə çəkilmiş  və istismarını başa vurmuş su xəttləri yenilənir”.

Qeyd edək ki, “Azərsu” ASC-nin 2035-ci ilədək olan dövrü əhatə edən master-planına əsasən, 7 min kilometrdən artıq yeni magistral və paylayıcı su xəttinin çəkilməsi nəzərdə tutulur. Bunun bir hissəsi yeni yaradılan qəsəbələrin su təchizatı sistemini əhatə edəcək, qalanı isə köhnə xətlərin yenilənməsi hesabına olacaq.

Gülşən Şərif / Redaktor.az