Bu avtobuslar xətdən ÇIXARILACAQ - BNA AÇIQLADI

 17:28 22.05.2019     501

"İstismara yararsız olan avtobusların bir qismi xətlərdən çıxarılacaq".

Paytaxt və Bakıətrafı qəsəbələr üzrə fəaliyyət göstərən sərnişin avtobuslarının əksəriyyətində ciddi problemlər bu gün də müşahidə edilir. Belə ki, havalandırma sisteminin olmaması, sərnişin tələbatanı qarşılamaması, istismara yararsızlığı sərnişinlərin ictimai nəqliyyatdan narazı qalmalarına səbəb olur. 

Maraqlıdır ki, istismara yararsız avtobuslar xətlərdən nə vaxt çıxarılacaq?

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Redaktor.az-a açıqlamasında bildirib ki, istismara yararsız avtobusların xətlərdən çıxarılması üzrə işlər davam etdirilir:

“Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli qərarına əsasən avtobuslarla bağlı sənədlər müəyyənləşdirilib. Bu gün istismarda olan avtobusların əksəriyyəti həmin tələblərə cavab vermir. Lakin bu, o demək deyil ki, tələblərə cavab verməyən avtobusları bir anda xətlərdən çıxarmalıyıq. Bu gün kondisioner sistemi olmayan bütün avtobusların bir anda xətdən çıxarılması mümkün deyil. Çünki xətdən çıxarılan avtobusların yerinə başqaları gətirilməlidir. Sadəcə qoyulan tələblərə uyğun avtobusların gətirilməsi üzrə işlər aparılır.

Cənab prezidentin qeyd etdiyi kimi, avtobus parkının yenilənməsi, ictimai nəqliyyatında göstərilən xidmətlərin təhlükəsizlik və  keyfiyyət nöqteyi-nəzərindən, sərnişinlərin avtobus nəqliyyatından rahat istifadəsinin təşkili sosial siyasətin  əsas məqsədlərindən biridir. Hazırda bu istiqamət üzrə işlər həyata keçirilir. Artıq komfortlu və yeni 300 avtobus ölkəyə gətirilib. Bu avtobuslar fonunda  istismara yararsız olan avtobusların bir qismi xətdən çıxarılacaq. Proses davamlı olaraq aparılacaq”.

Qeyd edək ki, ötən gün ölkə başçısı İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında ölkəyə yeni avtobusların gətirildiyini və bu il əlavə 300 avtobusun da alınacağını bildirib.

Gülşən Şərif / Redaktor.az