Əlillik səbəbi ilə protezə ehtiyacı olan şəxslərin DİQQƏTİNƏ!

 14:09 23.05.2019     560

Hazırda ölkə üzrə  600  mindən çox əlilliyi olan şəxs var.

Ölkə başçısı İlham Əliyevin fərmanı əsasında yaradılan DOST Agentliyinin nəzdində olan DOST mərkəzlərində göstərilən xidmətlərdə, əlilliyi olan şəxslərə xüsusi diqqət göstərilir.

Qarabağ Qaziləri İB-nin İdarə Heyətinin üzvü, Qarabağ qazisi Rey Kərimoğlu Redaktor.az-a açıqlamasında bildirib ki, əlilliyi olan şəxslərlə bağlı görülən işlər müsbət addımdır:

“Qarabağ əlilləri olaraq, müəyyən problemlərin və şikayətlərin həllində  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqəli şəkildə çalışırıq. Əlillərin protezlə təmin edilməsi ilə bağlı Qarabağ əlillərinə artıq məlumat vermişik. Bu layihəni müsbət qiymətləndirmək olar. Layihənin həyata keçirilməsi ilə prosesin gedişatını zamanla görəcəyik.

Qarabağ əlilləri və şəhid ailələrini narahat edən bir sıra problemlər var.

Bütövlükdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti qənaətbəxşdir. Bu gün Qarabağ əlilləri və şəhid ailələrini narahat edən problem, ölkə başçısı İlham Əliyevin  Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə dövlət qayğısının artırılması istiqamətində imzaladığı fərmanının icrası ilə bağlıdır. Hazırda Nazirlik tərəfindən bu istiqamət üzrə problemlərin həlli ilə bağlı araşdırmalar aparılır”.

DOST Agentliyinin mətbuat katibi Şahin Əliyev  bildirib ki, müraciətlərlə bağlı statistik göstəricilər ayda 1 dəfə ictimaiyyətə açıqlanacaq:

“Əlilliyi olan şəxslər arasında artıq reabilitasiya vasitələri, o cümlədən protez-ortopedik məmulatlarla təmin edilmək üçün müraciət edənlər var. Hazırda proses gündəlik həyata keçirilir”.

DOST Mərkəzi Əlillik Sektorunun əməkdaşı Aytac Ağayeva isə saytımıza açıqlamasında qeyd edib ki, əlilliyi olan şəxslər lazımi arayışı təqdim etdikdən sonra, ehtiyacları təmin olunur:

“Protezlə təmin edilmək üçün vətəndaş əlillik arayışı ilə Bakının Yasamal və Səbail rayonlarında yerləşən DOST mərkəzlərinə müraciət edə bilər. Müraciət əsasında əlil olan şəxsdən ölçü götürülür və təxmini 1 ay müddətində  protez hazırlanır.

Əlil arabası almaq üçün əlilliyi olan şəxs əvvəlcə qeydiyyatda olduğu poliklinkaya yaxınlaşmalıdır. Poliklinikada göndəriş forması (88 nömrəli forma) alınır. Daha sonra, həmin forma-88 ilə DOST mərkəzində yerləşən Ekspert Komissiyasına yaxınlaşmaq lazımdır. Burada əlil arabası alınmasına cavab olaraq, arayış yazılır. Arayışdan sonra əlilliyi olan şəxs əlil arabası ilə təmin olunur”.

 Gülşən Şərif / Redaktor.az