Taksi xidmətlərində "qəpik" fırıldağı: Müştərilər, DİQQƏTLİ OLUN!

 14:53 24.05.2019     628

Yəqin ki, böyük əksəriyyət sifarişli taksi xidmətlərindən istifadə edib və ya edir. Və bu xidmətlərdən istifadə edənləri yəqin ki, ödəniləcək məbləğin hansı əsaslarla hesablandığı sualı maraqlandırıb. Ərz edək ki, bu mövzuya müraciət etməyimiz də həmin o maraqdan qaynaqlanır. Hansısa bir xidmətin pulunu saymaq istəyindən çox uzağıq... Sadəcə, maraqlıdır. Görəsən, müştəriyə təklif olunan məbləğ necə qiymətləndirilir?

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Redaktor.az-a maraqlı gələn bu suala cavab verəcək: 

Bir sıra taksi şirkətlərində ödəniş məbləği naviqasiya sisteminə əsasən təyin olunur.

"Taksi şirkətləri naviqasiya sistemləri əsasında fəaliyyət göstərir. Sərnişin taksi sifariş edərkən naviqasiya sistemi gediləcək yolun məsafəsinə uyğun olaraq qiyməti avtomatik hesablayır. Bu baxımdan sifariş zamanı təqdim olunan məbləğin sonunda fərqli rəqəmlər ortaya çıxır. Sadəcə bilmirəm, taksi şirkətlərinin hər birində naviqasiya sistemi var, ya yox? Bütün taksi şirkətlərində bu sistem varsa, hansısa qanunsuzluq üçün  şərait yaranmır".

Məsələnin maraqlı tərəflərindən biri də budur ki, müştəri ona təklif olunan məbləğdəki xırda pulu olduğu kimi sürücüyə təqdim edə bilmir. Ya utanaraq, məsələn, ondan tələb olunan 5 manat 53 qəpik əvəzinə 6 manat verir. Ya da sürücünün ona "birtəhər" baxmasını, arxasıyca danışmasını istəmir. Burada mentalitet də öz sözünü deyir. 

Ərşad Hüseynov hesab edir ki, müştərilərin kart sisteminə üstünlük verməsi məqsədəuyğundur:

"Ödənişi kart üzərindən edərkən, qalıq məbləğlə bağlı heç bir problem olmur. Təyin olunan məbləğ nə qədərdirsə, o qədər də pul çıxılır. Deməli, müştəri məmnunluğunu nəzərə alaraq, taksi şirkətlərinin hamısı internet üzərindən ödəmələri qəbul edən xidmət növü yaratmalıdır. Kart sistemindən istifadə etməyən müştərilərin isə özlərində qəpik saxlaması və heç bir utanma hissi keçirmədən təyin olunandan artıq pul ödəməmələri tövsiyə olunur”.

 Gülşən Şərif / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən