"Mənasız və köçürmə kitabların dərci artıb" - Fazil Mustafa

 10:24 24.05.2019     449

“Kimin əlində pulu varsa, istədiyi formada və sayda şeirlər, romanlar çap edir. Burada da Ədəbiyyat Şurası yaratmaq mümkün deyil ki...”.

Redaktor.az xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa bildirib.

O, qeyd edib ki, son illər dayanmadan mənasız və köçürmə kitabların dərci artır və bu bayağılığın, səviyyəsizliyin qarşısının alınması çox uzun bir vaxt alacaq:

“Bir neçə il öncənin əhvalatını xatırladım. Bir nəfər şeir yazan var. Hansı yas məclisinə gedirəmsə, hər kəsin qarşısında peyda olur və gəlib-gedənə kitabçasını təqdim edib, pul istəyir. İllər öncə mənə də Təzə Pir məscidinin qarşısında yaxınlaşıb, kitabını göstərdi və almamı xahiş etdi. Düşündüm ki,  imkansız bir yazardır, kömək məqsədilə 20 manat verərək  kitabçanı cibimə qoyub, uzaqlaşdım. Evə gəldiyimdə kitabçanı əlimə alıb, mündəricatına baxdım. Ardınca da ilk səhifələrdə olan şeirləri oxumağa başladım. Oxuduqca sənət adına, ədəbiyyat adına tüstüm təpəmdən çıxdı. Şeirin texnikasını, məna və ahəngini normal anladığıma görə, bir-iki bəndi oxuduqdan sonra adamın hansı kəramət sahibi olduğunu müəyyənləşdirmək çətin olmur. İnanın ki, sadəcə pul vermiş olsaydım, o qədər təsir etməzdi, ancaq belə bir kitaba pul vermək bağışlanmaz bir davranış idi və kitabı dərhal bir kənara tolazladım. Növbəti günlərin birində yas yerindən çıxarkən gördüm adam qarşımda peyda oldu və irişə-irişə pul istədi. Ani olaraq adamdan yaxa qurtarmanın yolunu tapdım. Dərhal üzərinə yürüdüm ki, tez ol, mənim 50 manatımı ver! Adam söylədi ki, nə 50 manat, onu harada vermisiniz? Söylədim ki, kitaba görə sənə 20 manat ötən dəfə vermişdim, oxuduğum andan mənim ədəbi zövqüm korlanıb. İndi həmin 20 manatın üzərinə 30 manat da qoyub, ədəbi zövqümü korladığına görə mənəvi təzminat kimi mənə pul qaytarmalısan. Odur-budur, adam harada məni görürsə, dərhal gözdən itir”.

Fazil Mustafa poeziyadan uzaq dərc edilən  kitabların artıdığını daha bir nümunə ilə qeyd edib:

“Ötən gün də bir kitab təqdimatında bir qadın yaxınlaşıb, qalın cildli bir kitabı verərək söylədi ki, bu, onun beşinci əsəridir. Və and verdi ki, kitabını mütləq oxuyum. Mən də and qarşılığında söz verdim ki, mütləq oxuyacağam. Evə yetişib paltarımı dəyişəndən sonra kitabı əlimə alıb, varaqlamağa başladım və yenə də təpəmin ortasından tanış tüstü çıxmağa başladı. Demək, qadın peyğəmbərimizin həyatını bir poema formatında yazıb, bütün bəndlərdə ikinci və dördüncü misralarının qafiyə olmasına əməl edib, vəssalam. Məkkədən Mədinəyə yol alıb dayanmadan gedib...Təkcə bu olsa harasıdır ki? Yaxın-uzaq çevrədə xeyli insanlar var ki, kitab çap etmənin məsuliyyətini anlamadan konveyr kimi buraxırlar”.

Deputatın sözlərinə görə, belə adamlara söyləsən ki, bu kitab biabırçılıqdır, burada poeziyadan, nəsrdən əsər-əlamət yoxdur, bəlkə də xiffətindən yıxılıb ölərlər. Təqribən xəstəyə "sənin sağalmaq ümidin yoxdur!" söyləmək kimi bir şey...

Gülşən Şərif / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən