Fəsadlar aradan qaldırılıb - “Azərişıq”dan açıqlama
Ötən gün güclü külək bir sıra regionlarda fəsadlar törədib.
Hazırkı vəziyyətlə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Redaktor.az-a açıqlama verib.

O, bildirib ki, təbii fəlakətin törətdiyi nəticələrin aradan qaldırılması istiqamətində tədbirlər görülüb və hazırda heç bir problem yoxdur:
“Mayın 25-i gecə saatlarından başlayan güclü külək əsasən, Qusar, Quba və Xaçmazda müşahidə olunub. Mayın 26-dan 27-nə keçən gecə isə Qusar, Zaqatala, Xaçmaz və şimal-qərb regionlarında bir sıra fəsadlara yol açıb. Günorta saatlarından başlayan güclü külək irigövdəli ağacları qırıb. Həmçinin, elektrik dirəkləri aşıb, naqillər qırılıb və müəyyən ərazilərdə elektrik enerjisinin nəqli dayanmışdı. Fəsadların aradan qaldırılması üçün əməkdaşlarımız səhərə qədər operativ şəkildə işləyib və xətləri bərpa ediblər. Hazırda enerji təchizatı ilə bağlı problem mövcud deyil”.
Qurum rəsmisi bildirib ki, istənilən zaman hava şəraiti ilə bağlı xəbərdarlıqdan sonra qurum əməkdaşları qabaqlayıcı tədbirlər həyata keçirirlər.
Qeyd edək ki, ötən gün baş verən güclü külək Qusar rayonunun 70%-ni işıqsız qoymuşdu. Eyni zamanda, təbiət hadisəsi şimal-qərb bölgəsində bir sıra fəsadlara yol açıb.
Gülşən Şərif / Redaktor.az












