Final oyununa bilet alan azarkeşlərin DİQQƏTİNƏ! - MÜTLƏQ OXUYUN
Avropa Liqasının final oyunu ilə bağlı Bakının 3 mərkəzi küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Hazırkı vəziyyətlə bağlı Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Redaktor.az-a açıqlama verib.

O, sürücülərə tövsiyə edib ki, Bakı Olimpiya Stadionu istiqamətində hərəkət edərkən şəxsi avtomobillərindən deyil, ictimai nəqliyyatdan istifadəyə istifadəyə üstünlük versinlər:
“Azarkeşlər və ölkəmizə gələn digər xarici qonaqların rahat və fasiləsiz hərəkət etmələri üçün paytaxtın Üzeyir Hacıbəyov, Füzuli və Şəmsi Bədəlbəyli küçələrində avtomobillərin hərəkət istiqaməti dəyişdirilib. Sürücülərin bu məhdudiyyəti nəzərə alması məqsədəuyğundur”.
DYP rəsmisi qeyd edib ki, nəzərdə tutulan məhdudiyyət əcnəbi qonaqların rahatlığı və təhlükəsizliyini təmin etmək məqsədi daşıyır:
““Çelsi” komandası və azarkeşləri üçün “Sahil bağı” istiqamətində, “Arsenal” komandası və azarkeşləri üçün isə Qış parkı ərazisində gəzinti və görüş təşkil olunub. Azarkeşlərin Bakı Olimpiya Stadionuna daşınması üçün metronun “Qara Qarayev” və “28 May” metrostansiyalarının qarşısında yaradılan avtodayanacaqlar nəzərdə tutulub. Azarkeşlər stadiona onlar üçün ayrılmış görüş yerlərindən pulsuz avtobuslar vasitəsilə aparılacaq. Bu istiqamətlər üzrə təhlükəsizlik tədbirlərinin görülməsi üçün müvafiq tədbirlər həyata keçirilib”.
DYP rəsmisi bildirib ki, gücləndirilmiş rejim tədbirin sonuna kimi davam edəcək.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 23:00-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Finalda "Çelsi" ilə "Arsenal komandaları qarşılaşacaq.
Gülşən Şərif / Redaktor.az












