Azarkeşlərin daşınması ilə bağlı BNA-dan AÇIQLAMA

 13:37 29.05.2019     533

“Müntəzəm xətt daşıyıcısı olan bütün avtobuslar gecə saat 03:00-03:30 radələrinə qədər fəaliyyət göstərəcək”.

Redaktor.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

O, bildirib ki, şəhərin bütün küçə və prospektlərində nəqliyyat ritmində narahatlıq yaranmaması üçün ciddi nəzarət həyata keçirilir:

"Artıq bir neçə gündür ki, BNA gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bu rejim mayın 30-na qədər davam edəcək. Bütün işlər nəzərdə tutulan plana əsasən həyata keçirilir. İlkin olaraq, mayın 27 və 28-si tarixlərində hava limanından müntəzəm reyslərlə gələn sərnişinlərin daşınmasına başlandı. 24 saat davam etdirilən proses bu gün də davam edir”.

Qurum rəsmisi bildirib ki, axşam saatlarında bileti olan tamaşaçıların daşınması üçün xüsusi ekspress xətt avtobusları fəaliyyət göstərəcək:

“Final oyununa bilet alan tamaşaçıların daşınması X1 və X2 ekspress marşrut xətt avtobusları vasitəsi ilə həyata keçiriləcək. Tamaşaçıları X1 ekspress marşrut xətti “Qara Qarayev” metro stansiyası, X2  ekspress xətt avtobusu isə  “28 May” metro stansiyası yaxınlığı, Səməd Vurğun bağı, Dilarə Əliyeva küçəsindən Bakı Olimpiya Stadionuna gətirəcək. Yollarda sıxlığın yaranmaması üçün bütün zəruri addımlar atılır ki, avtobuslar təyinat nöqtəsinə vaxtında çatsın. Oyun bitdikdən sonra tamaşaçıların geri daşınması da bu avtobuslar vasitəsilə həyata keçiriləcək. Daşımalara axşam saat 19:00-da başlanacaq və proses saat 23:00-dək davam edəcək”.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 23:00-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Finalda "Çelsi" ilə "Arsenal komandaları qarşılaşacaq.

Gülşən Şərif / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən